logo

Magistral su kəmərlərinin mühafizə zolağında obyektlərin tikintisi qəzaların aradan qaldırılmasına problem yaradır


Yaradılıb: 21-11-2012 16:54

                

  Noyabrın 20-də Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Binəqədi nasos stansiyasına içməli su nəql edən 1200 mm diametrli, yüksəktəzyiqli magistral su kəmərinin Biləcəri  qəsəbəsi X. Məlikaslanov küçəsi 3-cü döngə ərazisindən keçən hissəsində qəza baş vermişdir. Su sızıntısı qəsəbə sakinləri Gülnarə Fərəməzova və Elməddin Bağırova məxsus həyətlərdə yaranmışdır.

    Qəzanın nəticələrini aradan qaldırmaq məqsədi ilə “Azərsu” ASC-nin, yerli icra hakimiyyəti və bələdiyyə   əməkdaşları    əraziyə   baxış  keçirmişdır.  İlkin   baxış   zamanı   məlum    olmuşdur   ki, G. Fərəməzova və E. Bağırova məxsus yaşayış evləri 2000-ci illərin ortalarında 1200 mm diametrli, yüksəktəzyiqli magistral su kəmərinin mühafizə zolağında qeyri-qanuni inşa edilmişdir. Xatırladaq ki, qanunvericiliyə görə, 1200 mm diametrli yüksəktəzyiqli su kəmərinin hər tərəfdən 12 metri onun mühafizə zolağı sayılır və orada hər hansı tikinti aparmaq qadağandır.

  Qəzanın fəsadlarının aradan qaldırılması üçün əraziyə texnika cəlb edilərək qazıntı işləri aparılmışdır. Borunun qəzalı yeri müəyyənləşdirilərək  qəzanın fəsadları tam aradan qaldırılmışdır.

  Qeyd edək ki, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq kommunal infarstruktur obyektlərinin, xüsusi ilə magistral və məhəllədaxili su kəmərlərinin  yerləşdiyi ərazilərdə qeyri-qanuni şəkildə fərdi yaşayış evlərinin və kommersiya obyektlərinin tikintisi  halları baş vermişdir. “Azərsu” ASC-nin apardığı araşdırmalara görə, təkcə Bakı şəhərində belə mənzil və obyektlərin sayı minlərlədir. Mühafizə zonasındakı tikililər xətlərdə profilaktika işlərinin aparılmasına imkan vermir, baş verən qəzaların aradan qaldırılmasını çətinləşdirir.

   “Azərsu” ASC bir daha bəyan edir ki, magistral su  kəmərlərinin mühafizə zolağında fərdi yaşayış evi, kommersiya obyekti və ya digər tikilinin inşası yolverilməzdir. Fərdi yaşayış evi və ya kommersiya obyektlərinin tikintisi zamanı ərazilər seçilərkən kommunal infrastruktur şəraiti düzgün qiymətləndirilməli, tikinti işlərinin aparılması üçün müvafiq dövlət qurumlarından, o cümlədən kommunal xidmət müəssisələrindən müvafiq rəy alınmalıdır.