logo

"Azərsu" ASC-nin əməkdaşları beynəlxalq konfransda mükafata layiq görülmüşdür


Yaradılıb: 16-11-2012 15:37

         

  05-09 noyabr 2012-ci il tarixlərində London şəhərində Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun (İCFM) təşkilatçılığı ilə Mühasib və maliyyə menecerlərinin beynəlxalq konfransı keçirilmişdir. “Azərsu” ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədovun rəhbərliyi ilə Səhmdar Cəmiyyətin mühasib və maliyyə mütəxəssislərindən  ibarət nümayəndə heyəti konfransda iştirak etmişdir.

  Beynəlxalq mühasibat təşkilatlarının, aparıcı şirkətlərin mühasibat, vergi, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən konfransda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) aktual məsələləri və standartlarda baş vermiş dəyişikliklər, dünyada iqtisadi vəziyyət, investisiya mühiti, maliyyə alətləri və digər mövzularda müzakirələr aparılmışdır. 

  İCFM tərəfindən təşkil edilən təntənəli qəbulda müxtəlif nominasiyalarda mükafatlar təqdim olunmuşdur.   “Azərsu” ASC Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçidi uğurla aparan və müvafiq kadr hazırlığı prosesini fəal davam etdirən şirkət kimi tədbirin ən yüksək mükafatına layiq görülmüşdür. Bu mükafat  Beynəlxalq Mühasiblər İnstitutunun prezidenti, kral ailəsinin üzvü Maykl Kent tərəfindən “Azərsu” ASC sədrinin iqtisadi məsələlər üzrə müavini M.Məmmədova təqdim edilmişdir.  “Azərsu” ASC-nin  Mühasibat uçotunun metodologiyası şöbəsinin rəisi Kəmaləddin Quliyev isə “ən yaxşı təlimçi” nominasiyasında mükafata layiq görülmüşdür.

  Səfər çərçivəsində nümayəndə heyəti Böyük Britaniya parlamentində  olmuş, parlament üzvləri ilə görüşlər keçirmişdir. İngiltərə Bankında keçirilən görüşlərdə isə beynəlxalq standartların tətbiqi məsələləri geniş müzakirə edilmişdir.