logo

Əhali qrupu abunəçiləri üzrə smart-kart tipli su sayğaclarının quraşdırılmasına başlanmışdır


Yaradılıb: 07-11-2012 16:38

             

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara satılan içməli suyun uçotunun dəqiq aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılması istiqamətində işləri sürətləndirir. Cari ilin may ayından Bakı, Abşeron və Sumqayıt Sukanal İdarələrinin xidmət göstərdiyi ərazilərdə belə sayğacların quraşdırılmasına başlanılmışdır.  İlkin mərhələdə smart-kart tipli sayğaclar su sərfiyyatı böyük olan yerlərdə, əsasən qeyri-əhali qrupu abunəçiləri üzrə quraşdırılırdısa, artıq oktyabr ayından başlayaraq əhali abunəçiləri üçün də belə sayğaclar quraşdırılır. Ötən bir ay ərzində Bakı şəhərində 1300-dən artıq əhali abunəçisi smart-kart tipli sayğaclarla təmin olunmuşdur. Bununla paralel olaraq qeyri-əhali qrupu abunəçilərə də yeni sayğacların quraşdırılması sürətləndirilmişdir.

 Ümumilikdə ilin əvvəlindən indiyədək 9400-dən artıq qeyri-əhali qrupu abunəçisi smart-kart sayğacları ilə təmin olunmuşdur. Bununla da smart-kart sayğaclarından istifadə edən  abunəçilərin sayı 10700-ü ötmüşdür.

  Qeyd edək ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən  əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına aparılır.

  Xatırladaq ki, cari ilin iyunun 20-də Prezident İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı kommunal sektorda smart-kart tipli sayğacların quraşdırılmasının uğurlu nəticələr verdiyini xatırladaraq, su təchizatı sektorunda smart-kart tipli su sayğaclarının quraşdırılmasının sürətləndirilməsi barədə tapşırıqlar vermişdir.