logo

Abunəçilərin fasiləsiz içməli su ilə təmin edilməsi məqsədi ilə əsaslı yenidənqurma işləri aparılır


Yaradılıb: 01-10-2012 16:15

             

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.  Bu məqsədlə magistral su xətlərində, anbarlarda, nasosxanalarda təmir-bərpa və yenidənqurma işləri aparılır.

   Bakı şəhərinin şərq hissəsində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə “+110 Şərq” və “+ 69 Şərq” anbarlarında əsaslı yenidənqurma işləri aparılmışdır. Belə ki, “+69 Şərq” su anbarında uzun müddət istismarda olan 700 mm diametrli kollektor  1400  mm diametrli yeni kollektorla əvəz edilmişdir. Yeni kollektorun istismara verilməsindən sonra burada daha böyük həcmdə su ehtiyatının toplanmasına  və paylayıcı şəbəkəyə ötürülən suyun həcminin artırılmasına imkan yaranmışdır.  Eyni zamanda anbarların çıxışında nasosxanaları normal təzyiqli su  ilə təmin etmək məqsədi ilə çıxış kollektorları yenilənmişdir.

  Qeyd edək ki, paytaxtın Xətai, Suraxanı, Nizami və Sabunçu rayonlarının 220 mindən çox sakininə bu anbarlardan içməli su verilir.  Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu ərazidə yaşayan sakinlərin fasiləsiz içməli su ilə təmin olunması üçün anbarlardan verilən suyun həcmi  saniyədə 1,73 kubmetr olmalıdır. Halbuki hazırda ən yaxşı halda bu göstərici saniyədə 1,45 kubmetr təşkil edir. Digər tərəfdən indiyə qədər 185 min kubmetr tutumu olan anbar kompleksinə sutka ərzində maksimum 125 min kubmetr su  yığmaq mümkün olurdu. Anbarlarda  aparılan əsaslı yenidənqurma işlərindən sonra  bu göstəricini 180 min kubmetrə çatdırmaq və tələbatdan da artıq - saniyədə 2,14 kubmetr su ötürmək imkanı yaranacaq.

  Bununla da paytaxtın Xətai rayonunun əksər hissəsini, Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivini, Sabunçu rayonunun Bakıxanov qəsəbəsini, həmçinin Nizami rayonunun bir hissəsini fasiləsiz rejimdə içməli su ilə təmin etmək mümkün olacaq. Suyun təzyiqinin artması 44 ədəd məhəllədaxili nasos stansiyasının və bunlara aid su anbarlarının  ləğvinə imkan verəcək.