logo

“Azərsu” ASC-nin fəaliyyətini əks etdirən bülleten nəşr olunmuşdur


Yaradılıb: 28-09-2012 16:06

    

  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətini əks etdirən bülletenin ilk  nömrəsi  nəşr olunmuşdur. “Büllur” poliqrafiya mərkəzində işıq üzü görən bülleten yüksək tərtibatla hazırlanmışdır.

  Bülletenin ilk nömrəsi “Azərsu” ASC-nin 2012-ci il iyul-sentyabr ayları üzrə fəaliyyətinə həsr olunmuşdur. İlk buraxılışda Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimi və Prezident İlham Əliyevin bu tədbirdə iştirakı ətraflı işıqlandırılmışdır. Bununla yanaşı Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən dövlət başçısının su təchizatı və kanalizasiya layihələrinin icrası ilə bağlı fikirləri yerləşdirilmişdir.

  Buraxılışda “Azərsu” ASC-də beynəlxalq təşkilatların nümayəndələri ilə keçirilmiş görüşlər, Səhmdar Cəmiyyətin bir qrup gənc əməkdaşının Türkiyədə təcrübə keçməsi, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadəyə görə hesabatın aparılmasına dair təsdiqlənmiş yeni Təlimat verilmişdir. Bülletendə həmçinin içməli sudan qanunsuz istifadənin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, smart-kart  tipli su sayğaclarının quraşdırılması, icrasına yeni başlanılan layihələr, tenderlər, elanlar və digər materiallar da yerləşdirilmişdir. Burada Azərbaycanın su ehtiyatları və xarici ölkələrdə içməli su tarifləri barədə maraqlı məlumatlara da rast gəlmək olar.