logo

Beyləqan şəhərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq


Yaradılıb: 17-08-2012 14:00

 Azərbaycan  Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı Layihə-2” çərçivəsində Beyləqan şəhərində su qəbuledici qurğuların tikintisi, su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası üzrə keçirilmiş beynəlxalq tender  başa  çatmışdır. Tenderin nəticələrinə görə daha sərfəli şərtlər təklif edən Azərbaycan və Almaniya birgə müəssisəsi “ T.T.Ş. Inşaat MMC & Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH & Co.KG ” qalib elan edilmiş və həmin şirkətlə satınalma müqaviləsi imzalanmışdır.

  Layihəyə əsasən, Beyləqan şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin dərinliyi 150 metr olan 5 ədəd subartezian quyusu qazılacaq, elektrik xətləri çəkilməklə transformatorlar quraşdırılacaq.  Bununla yanaşı layihə çərçivəsində 71 kilometr uzunluğunda su paylayıcı şəbəkənin çəkilməsi, 3 400 abunəçinin  su sayğacı ilə təmin edilməsi,  tutumu 500 kubmetr olan 2 ədəd su anbarının tikintisi nəzərdə tutulur. Kanalizasiya şəbəkələrinin bərpası çərçivəsində 2750 ünvana  xidmət edəcək ümumi uzunluğu 79 kilometr olan çirkab su şəbəkəsi çəkiləcək.