logo

Yağış sularının axıdılması üçün yeni kollektor tikilir


Yaradılıb: 14-08-2012 15:30

                

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində kanalizasiya infrastrukturunun və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Tədbirlər planına uyğun olaraq  Bakı şəhəri  Yasamal rayonu Akim Abbasov küçəsi boyunca yağış sularının axıdılması üçün yeni kollektor tikilir. Yeni kollektor “+ 160 Qərb” su anbarının yaxınlığından başlayaraq A. Abbasov və  Ş. Mehdiyev küçələrinin  kəsişməsinə qədər  çəkiləcək və burada 700 mm diametrli mövcud yağış kollektoruna birləşdiriləcək. Bununla da həmin ərazidəki yağış sularının kanalizasiya sularına   qarışmadan birbaşa Xəzər dənizinə axıdılması mümkün olacaq. Ümumi uzunluğu 1300 metr olan  kollektor 200 və 500 mm diametrli polietilen borularla çəkilir. Layihə çərçivəsində ərazidə toplanan yağış sularının axıdılması üçün yağış barmaqlıqları da quraşdırılır.  

  Tikinti-quraşdırma işlərinin avqust ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, intensiv yağıntılar zamanı A.Abbasov küçəsində yağış sularının axıdılmasında problemlər yaranırdı. Yeni kollektor istismara verildikdən sonra belə problemlər tamamilə aradan qalxacaq.