logo

İçməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanmışdır


Yaradılıb: 13-08-2012 16:39

 

                     

 

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət  tədbirlərini davam etdirir. Nəzarət tədbirləri ilə yanaşı smart-kart tipli su sayğaclarının tətbiqinin genişləndirilməsi belə halların aşkarlanmasını asanlaşdırır.

  “Su təchizatı və tullantı suları haqqında” qanunun tələblərini əsas götürməklə “Azərsu” ASC-nin Kommersiya və Daxili nəzarət departamentlərinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid küçəsində yerləşən,  fiziki şəxs Elşad Abdullayevə məxsus qarajda içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanmışdır. Belə ki, cari ilin iyun ayında obyektdə smart-kart tipli su sayğacı quraşdırılsa da ötən müddətdə heç bir ödəniş aparılmamış, qarajın yerləşdiyi ərazidə fəaliyyət göstərən avtoyuma, kafe və  avtomobil təmiri sexləri içməli sudan qeyri-qanuni istifadə etmişdir. Obyektin su təchizatı sisteminə baxış keçirilərkən məlum olmuşdur ki, burada 2 ədəd 15 mm və 1 ədəd 32 mm diametrli borularla qeyri-qanuni çəkilmiş su xətdindən  istifadə olunurmuş.   

  Bununla əlaqədar fakt aktlaşdırılmış və obyektin su təchizatı dayandırılmışdır. Sudan qeyri-qanuni istifadə edilməsinə görə “Azərsu” ASC-yə dəymiş zərər qiymətləndiriləcək və fiziki şəxs  Elşad Abdullayevə qarşı cərimə tətbiq  olunacaq. Qeyd edək ki, həmin obyektin sahibi içməli sudan qeyri-qanuni istifadə etdiyinə görə bundan əvvəl də  cərimə olunub.