logo

Daşkəsən, Gədəbəy, Qazax, Samux, Astara və Tərtərdə su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq


Yaradılıb: 27-07-2012 15:24

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti  regionlarda su təchizaaı  və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə daha bir beynəlxalq layihənin həyata keçirilməsi üzrə hazırlıq işlərinə başlamışdır. Respublikanın 6 rayonunda- Daşkəsən, Gədəbəy, Qazax, Samux, Astara və Tərtərdə su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması  Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankının birgə maliyyələşdirəcəyi Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Proqramına Dəstək” layihəsi çərçivəsində həyata keçiriləcək.

  “Azərsu” ASC bu layihələrin həyata keçirilməsinə yerli və xarici şirkətləri cəlb etmək məqsədi ilə ilkin hazırlıq işlərinə başlayıb və yaxın vaxtlarda tender proseslərinə start veriləcək.

   Layihəyə əsasən Astara, Daşkəsən, Samux, Gədəbəy, Qazax və Tərtər şəhərlərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq, hər bir rayonda sutəmizləyici qurğular yaradılacaq. İşlər tam başa çatdıqdan sonra bu rayonlarda ümumilikdə 320 min nəfər keyfiyyətli və dayanıqlı içməli su ilə təmin ediləcək. İşlərin qısa müddətdə icra olunması üçün “Azərsu” ASC kreditin ayrılmasını gözləməyərək İİB-in razılığı ilə Azərbaycan hökumətinin vəsaiti hesabına həmin şəhərlər üzrə layihələndirmə işlərini həyata keçirmişdir.