logo

Ağdaş şəhərində su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulur


Yaradılıb: 25-07-2012 14:34

  Azərbaycan Höküməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində Ağdaş şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq tender yekunlaşmışdır.  Tenderin nəticələrinə görə daha sərfəli şərtlər təklif edən Türkiyənin “ALKE Müh. İnş. San” şirkəti qalib elan edilmiş və həmin şirkətlə satınalma müqaviləsi imzalanmışdır.

   Layihəyə əsasən, Ağdaş şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin dərinliyi 140 metr olan 2 subartezian quyusu qazılacaq, elektrik xətləri çəkilməklə transformatorlar quraşdırılacaq. Layihə çərçivəsində tutumu 2000 kubmetr olan 2 su anbarının tikintisi də nəzərdə tutulur. Ağdaş şəhərinin su paylayıcı şəbəkəsini yenidən qurmaq məqsədi ilə 134 kilometr uzunluğunda şəhərdaxili su xətləri çəkiləcək, 7600 abunəçi su sayğacı ilə təmin ediləcək. Bununla paralel olaraq 121 kilometr uzunluğunda çirkab su şəbəkəsi çəkilərək 5250 ünvanda birləşdirmə aparılacaq.