logo

“Azərsu” ASC-nin gənc mütəxəssisləri Türkiyədə təlim kurslarında iştirak etmişlər


Yaradılıb: 24-07-2012 15:08

               

  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prioritetlərinə daxil olan əsas məsələlərdən biri əhalini Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin etmək, həmçinin tullantı sularını tam təmizləyərək ekoloji cəhətdən ətraf mühitə ziyan vurmadan kənarlaşdırmaqdır. Bunlara nail olmaq üçün hazırda “Azərsu” ASC həm Abşeron yarımadasında, həm də regionlarda dövlət büdcəsi vəsaiti və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına layihələr icra edir. Bu layihələrdən biri də  içməli su və tullantı sularının tərkibinin müasir metodlarla öyrənilməsi məqsədi ilə yeni mərkəzi laboratoriyanın tikintisidir. İnşasına 2011-ci ilin oktyabrında başlanılmış 2012-ci ilin sonuna qədər istismara veriləcək yeni laboratoriyada  ABŞ, Almaniya və digər ölkələrin istehsalı olan ən son texnoloji  avadanlıqlar quraşdırılacaq. Laboratoriyanın tikintisi ilə paralel həmin avadanlıqlarla işləyəcək mütəxəssislərin hazırlanması prosesinə başlanılmışdır. Bu məqsədlə “Azərsu” ASC-də çalışan 20 gənc mütəxəssis – mühəndis, kimyaçı-mühəndis və bioloq Türkiyənin İstanbul Su Kanal İdarəsi (İSKİ) ilə əməkdaşlıq çərçivəsində 01-21 iyul tarixlərində Türkiyə Respublikasına ezam olunmuşlar.  3 həftəlik təlim müddətində “Azərsu” ASC-nin əməkdaşları İSKİ-nin sutəmizləyici və çirkab sutəmizləyici qurğularında olmuş, burada proseslərin gedişi barədə ətraflı bilgi əldə etmiş, İSKİ-nin mərkəzi laboratoriyasında analizlərin aparılmasında iştirak  etmişlər. Eyni zamanda laborator analizlərin aparılması, istifadə olunan cihazların iş prinsipi ilə bağlı Türkiyənin tanınmış professorları tərəfindən nəzəri mühazirələr təşkil olunmuş, həmçinin İSKİ-nin ən təcrübəli mütəxəsisləri tərəfindən treninqlər keçirilmiş, mütəxəssislərin istehsalat sahələri ilə əyani şəkildə tanış olması üçün lazımi  şərait yaradılmışdır.

  Təlim müddətində mütəxəssislər hazırda inkişaf etmiş ölkələrdə içməli suyun təmizlənməsində tətbiq olunan membran texnologiyası ilə analizlərin aparılması və suyun təmizlənməsi prosesləri ilə tanış olmuşlar. Bu səhədə böyük təcrübəsi olan türkiyəli mütəxəssis Həsən Sarıqaya azərbaycanlı mütəxəssislərə membran texnologiyası barədə geniş bilgilər verildiyini bildirmişdir: “ İlk  qrup  kimyaçılardan ibarət olduğundan laboratoriya məsələlərinə üstünlük verdik.  Mütəxəssislər  laboratoriyalarda, təmizləyici qurğularda oldular və onlara qurğularda iş prosesi barədə ətraflı məlumat verildi. İçməli suyun təmizlənməsində ən müasir texnologiyalardan sayılan membran texnologiyasının incəlikləri  izah edildi.  Membranların mahiyyəti, çeşidləri, tətbiqi barədə “Azərsu” ASC-nin əməkdaşlarına bilgilər verildi. Belə təlimlərin keçirilməsinin bir çox üstünlükləri var. Çünki təlimlərdə iştirak edənlər burada qazandıqları bilik və bacarıqları Azərbaycanda digər əməkdaşlarla paylaşacaq və bununla da yeni texnologiyaları mənimsəyən mütəxəssislərin əhatə dairəsi genişlənəcək”.

  İçməli su ilə yanaşı çirkab suların da müasir üsullarla təmizlənməsi texnologiyası ilə tanış olan azərbaycanlı mütəxəssilərə həmin suların təmizlənib zərərsizləşdirildikdən sonra suvarma, balıqçılıq sahələrdə işlədilməsi təcrübəsi barədə də məlumat verilmişdir. Təlim müddətinin sonunda “Azərsu” ASC-nin əməkdaşları imtahan edilmiş və onların hamısı uğur qazanmışdır. 

   Qeyd edək ki, “Azərsu” ASC-də təsdiq olunmuş Təlim proqramına uyğun olaraq kadrların bilik və peşə təcrübəsinin artırılması məqsədilə əməkdaşların, xüsusən də gənc mütəxəssislərin xarici ölkələrə təlim kurslarına göndərilməsi davam etdiriləcək. Növbəti mərhələdə energetika və mexanika sahəsində çalışan işçilər İstanbul Su Kanal İdarəsində təlim kurslarına göndəriləcək.