Dövlətimizin başçısı Şirvan-Muğan qrup su kəmərinin planını və texniki göstəricilərini əks etdirən stendlərə baxdı.
Sonra Azərbaycan Prezidenti Şirvan-Muğan qrup su kəmərinin təməlini qoydu. Dövlətimizin başçısı beton qarışığı tökən qurğunun düyməsini basdı.
Dövlətimizin başçısı su kəmərinin tikintisində istifadə olunacaq inşaat materiallarına və avadanlığa baxdı.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi. Bu günü ölkənin həyatında əlamətdar gün kimi qiymətləndirən dövlətimizin başçısı yeni layihənin təməl daşının qoyulması münasibətilə təbriklərini çatdırdı. Son illərdə respublikamızda su və kanalizasiya layihələrinin uğurla icra edildiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, əsas vəzifə bir neçə ildən sonra Azərbaycanın bütün su və kanalizasiya layihələrinin reallaşdırılmasını başa çatdırmaqdır. Ölkəmizdə həyata keçirilən digər layihələrdən də danışan Prezident İlham Əliyev qeyd etdi ki, enerji ehtiyatlarımız Azərbaycanın enerji təhlükəsizliyini təmin etməyə tam şəkildə imkan yaradır. Ölkənin bütün ərazisinin təbii qaz ilə təchizatını nəzərdə tutan layihələr uğurla icra edilir. Gələn il qazlaşdırmanın 95 faizə çatdırılması nəzərdə tutulmuşdur. Kənd yollarının tikintisi ilə bağlı ciddi tədbirlər görülür. Prezidentin ehtiyat fondundan ayrılan vəsait ilk növbədə məhz bu işlərə yönəlmişdir.
Sonra “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, Şirvan şəhər sakini Aynurə Rzayeva və Salyan rayon Qızılağac bələdiyyəsinin sədri Bünyad Yolçuyev respublikamızın regionlarında mövcud problemlərin ardıcıllıqla aradan qaldırılmasına, əhalinin məişət şəraitinin durmadan yaxşılaşdırılmasına göstərdiyi sonsuz diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.