logo

Su təchizatı və kanalizasiya sektorunda yeni layihələr həyata keçiriləcək


Yaradılıb: 12-07-2012 13:18

                      

   İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda çıxış edən Prezident İlham Əliyev 2012-ci ilin 6 ayında ölkədə sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirmişdir. Dövlət başçısı ölkədə böyük infrastruktur layihələrinin həyata keçirildiyini xatırladaraq Bakı şəhərində və rayonlarda su təchizatı və kanalizasiya layihələrinin icra edildiyini, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində paytaxtın içməli su təchizatında dönüş yarandığını vurğulamışdır: Bu yaxınlarda mənə verilən məlumata görə, Hövsan qəsəbəsində artıq 24 saat fasiləsiz su verilir. Bu, çox gözəl göstəricidir. Çünki biz yaxşı bilirik ki, Hövsan qəsəbəsində, ümumiyyətlə o bölgədə həmişə su ilə problemlər olmuşdur. Yadımdadır, mən bir neçə dəfə Hacıbala Abutalıbovla oraya getmişdim, əhali ilə görüşmüşdüm. Yuxarı mərtəbələrə, ümumiyyətlə, su çatmırdı. Gündə bir-iki saat su verilirdi və daim ən ağır yerimiz ora idi. Amma görülən tədbirlər nəticəsində indi 24 saat fasiləsiz keyfiyyətli su verilir. Bu, onu göstərir ki, hər bir işi görmək olar, təki iradə, istək və işə düzgün münasibət olsun. Biz bu layihənin timsalında görürük ki, bütün Bakıətrafı qəsəbələrdə bu layihələr icra ediləcək və bütövlükdə ölkə üzrə bu layihələr icra edilir. Bakıda, qəsəbələrdə, hər bir şəhərdə, hər bir rayon mərkəzində və artıq rayon mərkəzinə yaxın olan kəndlərdə, yaxud da ki, yeni çəkiləcək su xətlərinin üzərində yerləşən kəndlərdə bu layihələr maksimum dərəcədə icra edilir. Paralel olaraq, kanalizasiya layihəsi icra edilir. 

  Mənə bu yaxınlarda yeni layihələr təqdim edilmişdir, hansılar ki, əvvəllər nəzərdə tutulmurdu. Kür çayının suyunu rayon istiqamətinə yönləndirməklə biz yeddi rayonun su təchizatını böyük dərəcədə yaxşılaşdıra biləcəyik. Gələn ilin sonuna qədər Hacıqabul, Şirvan, Neftçala, Biləsuvar, Salyan, Sabirabad, Saatlı rayonlarının 111 kəndinə yeni layihə əsasında təmiz içməli suyun verilməsi nəzərdə tutulur. Bu böyük layihə bu yaxınlarda artıq start götürəcəkdir”.

   Dövlət başçısı Bakı şəhərində və ətraf qəsəbələrdə göllərin ekoloji vəziyyətinə toxunaraq həmin göllərin təmizlənməsi və abadlaşdırılması üçün kompleks tədbirlər görüləcəyini bildirmişdir: “Şəhərimizdə və ətraf qəsəbələrdə çirklənmiş göllər həddindən artıq çoxdur. Təxminən 30-a qədər göl vardır. O göllərin yaranması tarixi bizə bəllidir. Oraya lay suları, kanalizasiya suları axır. Bu, əlbəttə ki, Bakının müasir simasına uyğun gəlmir. Göstəriş verilmişdir, hazırda İqtisadi İnkişaf Nazirliyi və “Azərsu” şirkəti bu məsələ ilə bağlı təkliflər hazırlayır. Biz bu gölləri təmizləməliyik, abadlaşdırmalıyıq, kanalizasiya və drenaj sistemlərini yaratmalıyıq ki, bu göllərdən Bakı sakinləri və onun qonaqları istifadə etsinlər. Hazırda çox acınacaqlı mənzərə təşkil edən bu göllər gözəl, şəffaf göllərə çevrilməlidir. Mən hesab edirəm ki, biz buna nail olacağıq. Baxmayaraq ki, bu, böyük və çətin bir işdir. Həm maliyyə resursları tələb edən, həm də texniki cəhətdən çox çətin bir işdir. Ancaq mən hesab edirəm ki, biz bunu mütləq etməliyik. Bunun ölkəmizin gələcəyi üçün çox böyük əhəmiyyəti olacaqdır. Təsəvvür edin ki, çirklənmiş, ekoloji vəziyyəti korlayan bu göllər gələcəkdə əgər təmiz göllərə çevrilərsə, görün nə qədər yaxşı şərait, nə qədər yeni istirahət yerləri, parklar, meşə zolaqları yaradılacaqdır. Misal üçün, Böyük Şor gölü. İndi ən ağır vəziyyətdə olan Böyük Şor gölü şəhərin lap mərkəzindədir. İndi Böyük Şor gölünün təmizlənməsi, yeni kanalizasiya sistemlərinin, lay sularının ötürülməsi, yaşıllıq zolaqlarının yaradılması layihəsi əgər uğurla başa çatarsa, böyük bir ərazidə, şəhərin mərkəzində gözəl, təmiz göl yaranacaqdır. 

   Xocasən gölü, Xırdalan gölü, Qanlı göl, Zığ gölü yəni, bu göllərin sayı həddindən artıq çoxdur. Bütün bu göllərə yuxarıdan, vertolyotdan baxanda dəhşətli bir mənzərə açılır. Biz bu gölləri təmizləməliyik. Göstərişlər verilib, bu il əlavə vəsaitin ayrılması da nəzərdə tutulub. Ancaq gələn ilin investisiya proqramında bu məsələ xüsusilə qeyd olunmalıdır və çalışmaq lazımdır ki, mümkün olan işləri bu il görək. Əsas işləri gələn ilin əvvəlində maksimum diqqətlə görməliyik”.