logo

Xaçmaz, Xızı, Qobustan şəhərlərində və Altıağac qəsəbəsində çirkab sutəmizləyici qurğu tikiləcək


Yaradılıb: 09-07-2012 14:28

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti  “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Xaçmaz, Xızı, Qobustan şəhərlərində və Altıağac qəsəbəsində Çirkab Sutəmizləyici Qurğuların (ÇSTQ) tikintisi üzrə tender elan etmişdir. Azərbaycan Hökumətinin  iştirak payı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin krediti hesabına maliyyələşdirlən layihə çərçivəsində  həmin şəhərlərin hər birində çirkab sutəmizləyici qurğular kompleksi yaradılacaq.

  Layihəyə uyğun olaraq  Xaçmaz şəhərində  sutkalıq gücü  30,4 min kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək. Xaçmaz şəhəri ilə yanaşı Quba və Qusar şəhərlərindən axıdılan çirkab sular da bu qurğuda  təmizlənəcək.  Bununla paralel olaraq  Xızı şəhərində sutkalıq gücü 740 kubmetr, Qobustan şəhərində 2270 kubmetr,   Altıağac qəsəbəsində  239 kubmetr olan çirkab sutəmizləyici qurğular tikiləcək.

   Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada  təqdim etməli, müsabiqədə iştirak üçün 150 manat və ya 200 ABŞ dolları ödəməlidir. İddiaçı şirkətlər təkliflərini  17 avqust 2012-ci il tarixədək “Azərsu” ASC-yə təqdim edə bilərlər.