logo

İçməli sudan qeyri-qanuni istifadəyə qarşı tədbirlər güçləndirilir


Yaradılıb: 05-07-2012 15:54

                  

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Son vaxtlar bu sahədə nəzarət tədbirləri gücləndirilsə də, təəssüflər olsun ki, hələ də bəzi abunəçilər içməli sudan sayğacdankənar və müqavilə bağlamadan istifadə edirlər. “Su təchizatı və tullantı suları haqqında” qanunun tələblərini əsas götürməklə “Azərsu” ASC-nin Kommersiya və Daxili nəzarət departamentlərinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində təkcə iyun ayında paytaxtın müxtəlif rayonlarında içməli sudan qeyri-qanuni istifadə ilə bağlı  80-ə qədər  fakt aşkarlanmışdır. Belə hallara daha çox şadlıq evləri və restoranlarda, hamam, camaşırxana, avtoyuma və kimyəvi təmizləmə məntəqələrində rast gəlinir.

 Son vaxtlar qeyri-əhali qrupu üzrə smart-kart tipli sayğacların quraşdırılması belə halların aşkarlanmasını daha da asanlaşdırır. Həyata keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhəri Xətai rayonu Mehmandarov küçəsi 92 ünvanında  fəaliyyət göstərən “Nostalji” avtoyuma obyektində sudan qeyri-qanuni istifadə faktı aşkarlanmışdır. Belə ki, təqribən 1  ay əvvəl ALFASU smart-kart sayğacı ilə təmin olunmuş obyekt ötən müddətdə heç bir ödəniş aparılmadan fəaliyyət göstərmişdir. Obyektin su təchizatı sisteminə baxış keçirilərkən su xəttinə qeyri-qanuni qoşulma faktı aşkarlanmışdır. Məlum olmuşdur ki, obyekt 100 mm diametrli çirkab su xəttinin içi ilə çəkilmiş 20 mm diametrli su xətti ilə qidalanır.  Bununla əlaqədar obyekt sahibinin iştirakı ilə fakt aktlaşdırılmış və obyektin su təchizatı dayandırılmışdır. “Nostalji” avtoyuma müəssisəsinin içməli sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində “Azərsu” ASC-yə dəymiş zərər qiymətləndirilərək abunəçi cərimə olunacaq.

  “Azərsu” ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcək və qanunsuz hərəkətlərə yol verən abunəçilərin içməli su təchizatı qeyd-şərtsiz dayandırılmaqla cərimələnəcək.