logo

"Azərsu" ASC-nin 3 mühasibi beynəlxalq diplomla təltif olunub


Yaradılıb: 18-06-2012 16:04

         

 Azərsu Açıq Səhmdar Cəmiyyəti maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazirlanmasi üçün kadr potensialının gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir. İşlərin yeni standartlara uyğun yerinə yetirilməsi məqsədilə  "Azərsu" ASC əməkdaşlarının beynəlxalq praktika ilə tanışlıq, onun tətbiqi prosesində qarşıya çıxan problemlərin mümkün həlli yolları ilə əlaqədar konfrans, seminar və treninqlərdə iştirakları təmin olunub. Eyni zamanda, mühasibat uçotu sahəsində çalışan mütəxəssislərin beynəlxalq standartlar üzrə ilkin (baza) biliklərinin tədrisindən başlayaraq mərhələlərlə daha yüksək səviyyəli təlim almaları üçün mütamadi kurslar təşkil edilir. Bu kurslar sırasında Beynəlxalq Mühasiblər Assosiasiyasnın (IAB) və  Sertifikatlaşmış Maliyyə Menecerləri Institutunun  (ICFM) proqramları əsasında təşkil edilmiş kursları göstərmək olar.   Sertifikatlaşmış Maliyyə Menecerləri Institutunun (ICFM) proqramı əsasında  kurslara cəlb edilmiş 20 əməkdaşdan 3-ü – İdarə aparatın Mühasibat uçotu və hesabatı şöbəsinin mühasibi Sevinc Hüseynova, Oğuz Qəbələ Bakı Su Kəmərləri idarəsinin baş mühasibi Fazil Bayramov və Sukanal Elmi Tədqiqat və Layihə İnstitutunun baş mühasibi Bəhram Abdullayev bu proqramı müvəffəqiyyətlə başa vurmuş və diploma layiq görülmüşlər. Kursları  müvəffəqiyyətlə başa vurmuş əməkdaşlara diplomları “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov təqdim etmişdir.

   Kursları müvəffəqiyyətlə bitirmiş və müvafiq diploma yiyələnmiş mütəxəssislərin gələcəkdə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar biliklərə yiyələnməsi üçün maliyyə və mühasibat sahəsində beynəlxalq aləmdə tanınmış ACCA DIP IFR (Sertifikatlaşdırılmış və vəkil edilmiş Mühasiblər Assosiasiyasının) proqramları üzrə tədrisi nəzərdə tutulur.

   Qeyd edək ki, beynəlxalq standartların tətbiqi sahəsində böyük təcrübəsi olan nüfuzlu “Ernst &Young” şirkəti ilə məsləhət xidməti göstərilməsi üçün müqavilə imzalanmış və cari ilin əvvəlində şirkət  MHBS-na Keçid Planını hazırlayaraq Səhmdar Cəmiyyətə təqdim etmişdir. Keçid Planına uyğun olaraq "Azərsu" ASC-də müəyyən işlər görülmüş, qarşıya çıxan məsələlərlə bağlı tövsiyələr vermək və  görüləcək işlərin istiqamətləndirilməsini həyata keçirmək məqsədilə nəzarətedici orqan rolunu həyata keçirən Komissiya yaradılmışdır.