Mayın 2-də Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe, Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov iştirak ediblər. Bu rayonda yenidənqurma işləri Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında imzalanmış “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə uyğun aparılacaq. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının tərkib hissəsi olan bu layihə üzrə işlərin 2014-cü ildə başa çatdırılacağını, istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacaqlarını söyləyib.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe qeyd edib ki, ölkəsi infrastruktur layihələrinin reallaşmasında Azərbaycanla əməkdaşlıqda maraqlıdır və bundan sonra da əməkdaşlıq davam etdiriləcək.
Layihənin 1-ci mərhələsinə uyğun olaraq mövcud Qars bulağı bərpa olunacaq və bu mənbədən saniyədə 18 litr və ya sutkada 1560 kubmetr su götürmək mümkün olacaq. Mənbədən Xızı şəhərinə qədər 7,7 km uzunluğunda polad borudan magistral su xətti çəkiləcək. Altıağac qəsəbəsinin dayanıqlı su təchizatının aparılması üçün isə Şəfa (məhsuldarlığı 61 kubmetr/sutka) və Yeddibulaq (360 kubmetr/sutka) suqəbuledici qurğuları bərpa olunacaq, qəsəbəyə qədər 1,5 km uzunluğunda su xətti çəkiləcək.
Layihənin növbəti mərhələsində 40 km uzunluğunda içməli su şəbəkəsi yaradılacaq, 35 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, ümumi həcmi 4000 kubmetr olan 6 ədəd su anbarı tikiləcək, həmçinin 1400-dən artıq abunəçi su sayğacı ilə təmin olunacaq.