logo

Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə keçirilmiş tender yekunlaşmışdır


Yaradılıb: 30-04-2012 16:57

  Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq tender yekunlaşmışdır. 5 şirkətin təqdim etdiyi təkliflərin tender sənədlərinə uyğunluğu, iddiaçı şirkətlər tərəfindən təqdim edilmiş tender zəmanətinin və onun şərtlərinin təmin edilməsi, təkliflərin tamlığı və tenderin əsas şərtlər toplusunun tələblərinə cavab verməsi hərtərəfli şəkildə qiymətləndirilmişdir. Qiymətləndirmə nəticəsində daha əlverişli şərtlər təklif edən “Azərsutəchizattikinti” Açıq Səhmdar Cəmiyyəti Saatlı şəhərinin  su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə tenderin qalibi elan edilmişdir. Dünya Bankından müvafiq razılıq alındıqdan sonra “Azərsu” ASC ilə “Azərsutəchizattikinti” ASC arasında müqavilə imzalanmışdır.

 Layihə çərçərçivəsində Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemi tamamilə yenidən qurulacaq. Bu məqsədlə Saatlıda su anbarının, nasos stansiyasının, içməli su laboratoriyası və əməliyyat mərkəzinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, şəhərdaxili paylayıcı su xətləri çəkilərək 3170 ünvanda qoşulma işləri aparılacaq. Layihəyə əsasən 395 ədəd yanğın hidrantı, əsas və ikinci dərəcəli çirkab su kollektorları, 11 ədəd kanalizasiya nasos stansiyası tikiləcək.

  Tikinti-quraşdırma işlərinin 2013-cü ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.