logo

2014-cü ilin sonuna qədər bütün şəhərlər və rayon mərkəzlərinin içməli su və kanalizasiya sistemləri yaxşılaşdırılacaq


Yaradılıb: 17-04-2012 10:50

                 

 Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda çıxış edən Prezident İlham Əliyev 2012-ci ilin yanvar-mart aylarında ölkədə sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirmişdir. Dövlət başçısı böyük infrastruktur layihələrinin icrasının davam etdirildiyini xatırladaraq su təchizatı və kanalizasiya layihələri üzrə görülən işləri yüksək qiymətləndirmişdir: Su və kanalizasiya layihələrinin icrası bütün ölkə üzrə gedir. Hər bir yerdə, hər bir rayon mərkəzində işlər ya başlamışdır, yaxud da ki, bu yaxınlarda başlanacaqdır.

  Ancaq burada bir məsələyə toxunmaq istəyirəm. Bu, doğrudan da çox böyük layihədir. Şəhərlərimizin əksəriyyətində kanalizasiya sistemi, ümumiyyətlə, heç vaxt olmamışdır. İçməli su xətləri də heç vaxt olmamışdır.

  Yəni, biz bunları sıfırdan yaradırıq. O cümlədən Bakıda içməli su problemi bu gün də vardır. Düzdür, biz bu problemi müəyyən dərəcədə yaxşılaşdırdıq, əminəm ki, yaxın iki il ərzində tamamilə aradan qaldıracağıq. Bakıda içməli su, keyfiyyətli su və kanalizasiya layihələrinin icrası uğurla gedəcəkdir.

  Bölgələrdə isə bu layihə rayon mərkəzlərini, şəhərləri əhatə edir. Ancaq elə rayonlar vardır ki, əhalisinin 80-90 faizi kəndlərdə yaşayır. Elə rayonlar vardır ki, rayon mərkəzi ilə kəndlərdə yaşayan əhali əlli-əlliyə bölünür. Ona görə, biz bir qədər gələcəyə baxmalıyıq. İndi biz rayon mərkəzlərini, şəhərləri kanalizasiya və içməli su xətləri ilə təmin edəcəyik. Bəs kəndlərdə necə olacaqdır? Mən başa düşürəm, bilirəm, biz bütün bu investisiya imkanlarımızı götür-qoy edirik. Bu, böyük vəsait və texniki peşəkarlıq tələb edən layihədir. Ancaq biz buna da hazır olmalıyıq.

  Dövlət başçısı iri şəhər və rayon mərkəzləri ilə yanaşı kənd yaşayış məntəqələrində də su təchizatı  və kanalizasiya layihələrinin icra ediləcəyini bildirmişdir: “Birinci növbədə 2014-cü ilin sonuna qədər bütün şəhərlər və rayon mərkəzləri içməli su, kanalizasiya layihələri ilə təmin edilməlidir. Ancaq indidən hazırlıq işləri aparılmalıdır ki, rayon mərkəzlərinə yaxın yerləşən böyük yaşayış yerlərində də, kəndlərdə də bu layihələr icra edilsin. Burada modul tipli sutəmizləyici qurğulardan söhbət açılmışdır. Bu da bizim təşəbbüsümüz idi. Artıq yüz minlərlə insan bu layihələrin icrası nəticəsində təmiz içməli su içir. Bu layihə daha da geniş vüsət almalıdır. Lazım gələrsə, bu il biz investisiyaları bir qədər artıra bilərik ki, çayların kənarında yerləşən kəndlərdə, - təkcə Kür, Araz çaylarından söhbət getmir - digər çayların yaxınlığındakı kəndlərdə də bu layihələr icra edilsin”.

  Prezident İlham Əliyev içməli su təchizatının yaxşılaşdırılması istiqamətində əlavə tədbirlərin görüləcəyini də bəyan etmişdir.