“Azərsu” Acıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin kanalizasiya sisteminin yaxşılaşdırılması və Xəzər dənizinin ekologiyasının daha yaxşı qorunması istiqamətində kompleks tədbirləri davam etdirir. Tədbirlər proqramının tərkib hissəsi olaraq Səbail rayonunun Bayıl yaşayış massivi ərazisində Azərbaycanda ilk dəfə olaraq mikrotunel tipli kanalizasiya kollektoru tikilir. Bayıl kollektoru 1270 metr uzunluğunda və 5 quyudan ibarət olmaqla Səbail rayonu M. Hüseynov küçəsindən Y. Yaqubov küçəsinədək çəkiləcək.
Çirkab suötürücü kollektorun tikintisi Alman texnologiyası ilə işləyən AVN-1200 müasir qazma qurğusu vasitəsilə həyata keçirilir. Kollektorun tikintisində tətbiq olunan yeni qazma üsulu kommunikasiya xətlərinin köçürülməsini tələb etmir və böyük inşaat meydançasının yaradılmasına ehtiyac qalmır. Müasir texnologiya əsasında işləyən qurğu iqtisadi, texniki və ekoloji cəhətdən sərfəlidir. İnşasına 2011-ci ilin noyabrından başlanmış kollektorda işlərin 60 faizi yerinə yetirilib. Artıq birinci ilə ikinci şaxta arasında 1200 mm diametrində dəmir-beton boruların quraşdırılması başa çatıb, iikinci və üçüncü şaxta arasında isə işlər yekunlaşmaq üzrədir. Aprel ayının sonuna kimi ərazidə tikinti-quraşdırma və abadlıq işlərinin başa çatdırılması nəzərdə tutulur.