Martın 14-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının Regionların İnkişafı və Su Təchizatı departamentinin Mərkəzi və Qərbi Asiya ölkələri üzrə direktoru Anand Çinplunkarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Asiya İnkişaf Bankının Azərbaycanda həyata keçirilən investisiya proqramlarında yaxından iştirak etməsini yüksək qiymətləndirərək “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində bankın krediti hesabına maliyyələşdirilən layihələrin uğurla icra olunduğunu bildirmişdir.
Asiya İnkişaf Bankının ölkə üzrə direktoru Anand Çinplunkar Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirmiş və qeyd etmişdir ki, təmsil etdiyi qurum Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində bundan sonra da iştirak etməkdə maraqlıdır.
Görüşdə “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın icra vəziyyəti, maliyyələşmə, kadr hazırlığı və gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir.