logo

“Azərsu” ASC-nin əməkdaşları Ümumdünya Su Forumunun son hazırlıq iclasında iştirak etmişdir


Yaradılıb: 09-02-2012 15:51

               

  Fevralın 2-3-də Parisdə 6-cı Ümumdünya Su Forumuna son hazırlıq iclası keçirilmişdir. 110 ölkədən nümayəndələrin qatıldığı iclasda martın  12-17-də Fransanın Marsel şəhərində keçiriləcək Su Forumuna hazırlıqla bağlı müzakirələr aparılmışdır. İclas iştirakçıları forumda qəbul ediləcək  “Əməkdaşlıq proseslərinin razılaşma sənədi” üzrə müzakirələri başa çatdırmışdır. Razılaşma sənədində hər bir fərdin su təchizatı və sanitariya hüququnun təmin edilməsi, su və sağlamlıq, su və yaşıl planet, su və ərzaq təhlükəsizlikliyi, su və energetika, su ilə bağlı təbii fəlakətlər, su və şəhərsalma, su təchizatının düzgün idarə olunması, maliyyələşdirilməsi və inkişaf üçün əlverişli mühitin təmin edilməsi üzrə çoxşaxəli problemlər araşdırılmış, problemlərin  həll yollarının əsas istiqamətləri müəyyən edilmişdir. Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən transsərhəd su obyektlərinin qorunması və razılaşdırılmış istifadəsinin zəruriliyi sənəddə xüsusilə qeyd edilmişdir. 

  Qeyd edək ki, tədbirdə Azərbaycanı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Adışirin Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti  təmsil etmişdir. Azərbaycan nümayəndə heyəti müzakirələrdə fəallığı ilə seçilmiş və onların təkliflərinin bir qismi yekun sənəddə nəzərə alınmışdır. 6-cı Ümumdünya Su Forumunda  Azərbaycan nümayəndə heyətinin   “Transsərhəd sular” və “Su və sağlamlıq”, “Yüksək Səviyyəli  Dəyirmi masa”da iştirakı nəzərdə tutulur.