logo

Vətəndaşları aldadaraq onlardan "su pulu" tələb edən qrup ifşa edilmişdir


Yaradılıb: 07-02-2012 16:36

  Son vaxtlar bəzi şəxslər özlərini “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadırlar. Bu günlərdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları Bakıxanov qəsəbəsində dələduzluqla məşğul olan dəstəni ifşa etmişdir. Araşdırmalar zamanı məlum olmuşdur ki, Sabirabad rayon sakinləri Telman Zeyniyev, əvvəllər məhkum olunmuş Cabbar Mehdiyev və Kürdəmir rayon sakini Salman Əsədov özlərini Sabunçu Sukanal Departamentinin işçisi kimi təqdim edərək 2012-ci il yanvarın 30-dan fevralın 6-dək Bakıxanov qəsəbə sakinləri Mahir Əhmədov, Xuraman Xubiyarova, Elmira Eminova, Aleksandra Qarşkova, Şövkət Məhərrəmova və Lətifə Əsədovanın etimadından istifadə edərək onların hər birindən 50 manat almışlar. Onlar  ümumilikdə 25-ə qədər mənzildə su sayğaclarının möhürlərini (plomb) qəsdən qıraraq sonradan bunun istehlakçılar tərəfindən törədildiyini bildirib və şantaj yolu ilə istehlakçılardan pul alıblar. İlkin dindirmələr zamanı həmin şəxslər əvvəllər  “Azərsu” ASC-nin yerli idarələrində çalışdıqlarını bildirmış və bu əməlləri törədərkən köhnə xidməti vəsiqə və saxta  blanklardan istifadə ediblər.

  “Azərsu” ASC istehlakçıların diqqətinə çatdırır ki, belə hallarla qarşılaşdıqda dərhal Səhmdar Cəmiyyətin 955 nömrəli “Qaynar xətt” xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat versinlər.  “Azərsu” ASC bir daha bəyan edir ki, abunəçilər su təsərrüfatında nəzarətçilərdən xidməti vəsiqələrini tələb etsinlər və heç bir halda onlara, eləcə də “Azərsu” ASC-nin hər hansı əməkdaşına nağd pul ödəməsinlər. Əgər istehlakçılar kiməsə nağd pul versələr həmin vəsaitin  onların hesabına köçməməsinə görə “Azərsu” ASC heç bir məsuliyyət daşımır. Abunəçilərdən xahiş olunur ki, içməli su və kanalizasiya xidmətlərinin haqqını bank, poçt şöbələri, pay point ödəmə terminalları və internet vasitəsilə ödəsinlər.