logo

“Azərsu” ASC-də “20 yanvar - Ümumxalq hüzn günü” münasibəti ilə anım mərasimi keçirilmişdir


Yaradılıb: 19-01-2012 13:39

                 

  “20 yanvar - Ümumxalq hüzn günü” münasibəti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində anım mərasimi keçirilmişdir. Əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.  Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, 20 yanvar faciəsi Azərbaycan xalqının  azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 1988-ci ildən başlayaraq Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş  SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən xalq Bakının küçə və meydanlarına çıxaraq cərəyan edən proseslərə öz etirazını bildirmişdir. Xalqın mübarizə əzmini qırmaq istəyən SSRİ rəhbərliyinin göstərişi ilə 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtına və böyük şəhərlərinə xüsusi təyinatlı qoşunlar yeridilmiş və onlar dinc xalqa qarşı qırğınlar törətmişdir. Nəticədə 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdır: “Azərbaycan xalqının ən çətin günlərində də xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 20 yanvar faciəsi ilə bağlı cəsarətli mövqe nümayiş etdirmişdir. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndələyinə gələrək xarici jurnalistlər qarşısında çıxış etmiş, Mixail Qorbaçov başda olmaqla imperiya rəhbərliyinin xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa  etmişdir”.

  “Azərsu” ASC-nin sədri 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyevin təşəbbüsü sayəsində verildiyini də diqqətə çatdırmışdır.

 Tədbirdə çıxış edən şəhid ailəsinin üzvü, “Azərsu” ASC-nin baş energetiki Vilayət İbadov, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı, şöbə rəisi Əvəz Nəbiyev və digərləri xalqımızın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış yüzlərlə günahsız insanın qətlə yetirilməsini pisləyərək,  şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu qeyd etmişlər.