logo

Azərbaycanda içməli su təchizatı və kanalizasiya sistemləri dünya səviyyəsində qurulacaqdır


Yaradılıb: 17-01-2012 13:47

  Yanvarın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda çıxış edən Prezident İlham Əliyev  2011-ci ildə ölkədə sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirmişdir. Dövlət başçısı böyük infrastruktur layihələrinin icrasının  2012-ci ildə də davam etdiriləcəyini bəyan edərək su təchizatı və kanalizasiya layihələri üzrə görülən işləri yüksək qiymətləndirmişdir. “Mən onların içərisində xüsusi diqqəti içməli su və kanalizasiya layihələrinə yönəltmək istəyirəm. Çünki əvvəlki dövrdə elektrik enerjisi, xüsusilə generasiya güclərinin yaradılması, qazlaşdırma ilə bağlı böyük işlər görülmüşdür. Düzdür, bu işlər davam etdirilir, mən bu barədə danışacağam. Ancaq içməli su və kanalizasiya layihələri, bir qədər kölgədə qalmışdır. İndi bu sahəyə diqqət daha da ciddidir və işlər daha da uğurla aparılır. Bu sahədə müasir menecment sistemi, müasir idarəetmə üsulları tətbiq edilir. Dünya praktikasında geniş şəkildə istifadə olunur. Artıq Bakıda və bütün bölgələrdə içməli su, kanalizasiya layihələri başlayır, yaxud da ki, hazırlıq mərhələsindədir.

   Mən keçən il qarşıya vəzifə qoymuşdum ki, 2013-cü ilə qədər əsas layihələr öz həllini tapmalıdır, icra edilməlidir. Əgər biz buna nail olsaq 2013-cü ilin sonuna qədər bütün rayon mərkəzləri, bütün şəhərlər dayanıqlı, keyfiyyətli, təmiz içməli su ilə təmin ediləcək və heç vaxt tarixdə mövcud olmayan kanalizasiya sistemləri də dünya səviyyəsində qurulacaqdır. Bu sahədə 2011-ci ildə görülən işlər məni sevindirir. Vəsait vardır, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulacaqdır. Beləliklə, 2012-ci ildə işlərin müəyyən hissəsi icra ediləcəkdir.

   Prezident İlham Əliyev digər infrastruktur layihələri - elektrik enerjisi, qaz təchizatı, meliorasiya, rabitə, yol təsərrüfatı və sosial obyektlərin tikintisi sahəsində həyata keçirilən tədbirlərin 2012-ci ildə davam etdiriləcəyini vurğulamışdır.