logo

Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur


Yaradılıb: 31-10-2011 10:21

              

   Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir. 

   “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verərək bildirmişdir ki, Ucar şəhərində mərkəzləşdirilmiş içməli su sistemi 1970-ci illərdə yaradılıb. Mənbə kimi Göyçay rayonunun Potu kəndi ərazisində qazılmış subartezian quyulardan və suvarma kanallarından istifadə olunur. Yeni layihəyə əsasən, Ağsu rayonu ərazisində yerləşən Külüllü su mənbəyi seçilmişdir. Külüllüdə drenaj tipli suqəbuledici qurğunun tikintisi, buradan Ucar şəhərinə qədər 400 millimetr diametrli 60 kilometr uzunluğunda özüaxımlı magistral su kəmərinin çəkilməsi planlaşdırılır. Layihədə, eyni zamanda, magistral kəmər boyunca yerləşən 15 kəndin də su təchizatı təmin olunacaqdır.  Dövlət başçısının diqqətinə çatdırılmışdır ki, şəhərdə ümumi uzunluğu 108 kilometr olan yeni supaylayıcı şəbəkənin, 2 min kubmetr həcmində yeni su anbarının tikilməsi nəzərdə tutulur. Layihəyə əsasən, Ucar şəhərində 90 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək, 15 kanalizasiya nasos stansiyası tikiləcəkdir. Çirkab sularının təmizlənməsi üçün məhsuldarlığı sutkada 4 min kubmetr olan müasir qurğu inşa ediləcəkdir.

   Layihənin icrası ilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Ucar şəhərində 20 min, 15 kənddə isə 32 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi əsaslı şəkildə yaxşılaşdırılacaqdır. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcək “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin 20 aya başa çatdırılması nəzərdə tutulur.