logo

Biləsuvar və Lənkəran şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılıb


Yaradılıb: 11-10-2011 10:08

               

               

   Oktyabrın 11-də Biləsuvar və Lənkəran şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma mərasimi keşirilmişdir. Mərasimlərdə «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov və rayon icra hakimiyyətlərinin başçıları iştirak ediblər. Adıçəkilən şəhərlərdə yenidənqurma işlərinin dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildiyini bildirən «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının tərkib hissəsi olan bu layihələr üzrə işlərin 2013-cü ildə başa çatdırılacağını, istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacaqlarını söyləyib.

   “Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımınin 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 23 min (mövcud 19,5 min) nəfər üçün hesablanmışdır. Layihəyə uyğun olaraq əhalinin dayanıqlı içməli su təminatı məqsədilə 7500 kubmetr həcmində su anbarı və nasos stansiyası tikiləcək. Şəhərdə ümumi uzunluğu 120 km-ə yaxın müxtəlif diametrli paylayıcı su şəbəkəsi və 82 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq və kanalizasiya nasos stansiyası inşa olunacaq. Yaranacaq çirkab suları şəhərin kənarında tikiləcək məhsuldarlığı sutkada 10 min kub metr olacaq qurğuda təmizlənəcık. Layihə üzrə tikinti işlərinin 20 aya  başa çatdırılması nəzərdə tutulur.

   Qeyd edək ki, Biləsuvar şəhəri içməli su ilə Araz çayından ayrılan Əzizbəyov adına kanaldan təmin olunur. Hazırda şəhərin su şəbəkəsinin uzunluğu 52 km-dir, kanalizasiya şəbəkəsi isə yoxdur. “Azərsu” ASC şəhər əhalisinin təqribən 60 faizinə xidmət göstərir, qalan əhali isə suyu fərdi qaydada kanallardan götürür.

   “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımınin 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 61 min (mövcud 50 min) nəfər üçün hesablanmışdır. Əhalini standartlara uyğun su ilə təmin etmək məqsədilə layihədə yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 30 min kubmetr olacaq ultrasüzgəcli təmizləyici qurğu inşa olunacaqdır. (Dünya praktikasında az bulanıqlı suların təmizlənməsi üçün iqtisadi cəhətdən səmərəli və avtomatik idarə oluna bilən ultrasüzgəcli qurğulardan istifadə olunur. Ənənəvi qum filtrlərindən fərqli olaraq, bu tip ultrasüzgəclər suyun tərkibindəki 0,01 mikron ölçüdən böyük  hissəcikləri, suda olan bütün zərərli mikrobları və bakteriyaları tutaraq saxlayır. Bununla da suyun təbii mineral tərkibi saxlanılmaqla, onun daha yaxşı təmizlənməsi, xoşagəlməz iy və dadların aradan qaldırılması təmin edilir. Ultrasüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır. Burada emal olunacaq su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcəkdir). Mənbə kimi Xanbulan dəryaçası seçilmişdir.

Layihə çərçivəsində şəhərin dayanıqlı su təchizatının aparılması üçün həcmi 15 min kubmetr olacaq su anbarı, nasos stansiaysı, ümumi uzunluğu 200 km-ə yaxın müxtəlif diametrli paylayıcı su şəbəkəsi tikiləcək. Şəhərdə yaranacaq çirkab suların toplanması üçün 180 km uzunluğunda kanalizasiya şəbəkəsinin yaradılması, 8 ədəd kanalizasiya nasos stansiyasının inşası planlaşdırılır. Yaranacaq çirkab sular məhsuldarlığı sutkada 25 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək və burda təmizlənəcəkdir.

Layihəyə uyğun olaraq Xanbulandan Lənkərana qədər magistral kəmərin keçəcəyi ərazidə yerləşən Xanbulan, Bürcəli, Gərmətük, Sütəmurdov, Aşağı Nüvədi, Şilavar, Digah kəndləri də içməli su ilə təmin olunacaqlar. Layihə üzrə tikinti işləri 22 ay ərzində başa çatdırılacaq.