logo

Mingəçevir, Zərdab və Kürdəmir şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılıb


Yaradılıb: 05-10-2011 07:14

              

                     

  Oktyabrın 4-də Mingəçevir, Zərdab və Kürdəmir şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma mərasimi keşirilmişdir. Mərasimlərdə «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov və rayon icra hakimiyyətlərinin başçıları iştirak etmişlər. Adıçəkilən şəhərlərdə yenidənqurma işlərinin dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildiyini bildirən «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının tərkib hissəsi olan bu layihələr üzrə işlərin 2013-cü ilin əvvəlində başa çatdırılacağını, istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacaqlarını söyləyib.

   “Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımınin 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 120,5 min (mövcud 99 min) nəfər üçün hesablanmışdır. Əhalini standartlara uyğun su ilə təmin etmək məqsədilə layihədə yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 30 min kubmetr olacaq ultrasüzgəcli təmizləyici qurğu inşa olunacaqdır. Layihə çərçivəsində şəhərin özüaxımlı rejimdə su təchizatının aparılması üçün 15 min kubmetr həcmində su anbarı, ümumi uzunluğu 250 km olan müxtəlif diametrli paylayıcı şəbəkə tikiləcəkdir. Şəhərdə yaranacaq çirkab suların toplanması üçün  uzunluğu 223 km-ə qədər kanalizasiya şəbəkəsi inşa olunacaq, 3 ədəd kanalizasiya nasos stansiyası tikiləcəkdir. Yaranacaq çirkab sular toplanaraq məhsuldarlığı sutkada 25 min kub metr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir.

   “Zərdab şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımınin 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 13,5 (mövcud 11 min) nəfər üçün hesablanmışdır. Əhalini su ilə təmin etmək üçün Ağsu rayonunun Güllülü su mənbəyindən istifadə olunması nəzərdə tutulur. Suyun özüaxımlı rejimdə şəhərə verilməsi məqsədilə 70 km-ə yaxın magistral xəttin tikintisi planlaşdırılır. Magistral kəmər bir sıra kəndlərin də təmiz su ilə təchizatına imkan verəcəkdir. Layihə çərçivəsində 1 ədəd 2000 kubmetr həcmində su anbarı və ümumi uzunluğu 60  km olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi tikiləcəkdir. Yaranacaq çirkab suların toplanaraq nəqli üçün ümumi uzunluğu 55 km-ə qədər kanalizasiya şəbəkəsi və 7 ədəd kanalizasiya nasos stansiyasının tikintisi planlaşdırılır. Çirkab suları şəhərin kənarında tikiləcək məhsuldarlığı sutkada 5 min kubmetr olacaq təmizləyici qurğuya ötürüləcəkdir.

   “Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımınin 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 22,3 (mövcud 18,4 min) nəfər üçün hesablanmışdır. Əhalini su ilə təmin etmək üçün Ağsu rayonu ərazisində yerləşən Güllülü su mənbəyindən istifadə olunacaq. Bu məqsədlə sugötürücü drenaj qurğusunun inşası və suyun özüaxımlı rejimdə şəhərə verilməsi məqsədilə 32 km-ə yaxın magistral xəttin tikintisi nəzərdə tutulur. Layihə çərçivəsində 1 ədəd 7500 kubmetr həcmində su anbarı və ümumi uzunluğu 190 km olan müxtəlif diametrli paylayıcı şəbəkə tikiləcəkdir. Yaranacaq çirkab suların toplanaraq nəqli üçün 175 uzunluğunda kanalizasiya xəttinin və 4 ədəd kanalizasiya nasos stansiyasının inşası planlaşdırılır. Yaranacaq şirkab suları şəhərin kənarında tikiləcək və məhsuldarlığı sutkada 6 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir.