logo

Hacıqabul və İmişli şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur


Yaradılıb: 30-09-2011 08:14

   Sentyabrın 30-da Hacıqabul və İmişli şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma mərasimi keşirilmişdir. Mərasimdə «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov və rayon icra hakimiyyətlərinin başçıları iştirak ediblər. Təməlqoyma mərasimlərində hər iki rayonda yenidənqurma işlərinin dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildiyini bildirən «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov 2013-cü ilin əvvəlinə Hacıqabul və İmişli sakinlərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacaqlarını söyləyib.

   “Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 30400 nəfər üçün hesablanıb. Layihə çərçivəsində şəhərin su təchizatının daim özüaxımlı rejimdə olmaqla aparılması üçün relyefcə yüksək olan 2 nöqtədə 2 və 5 min kubmetr həcmində su anbarlarının inşası nəzərdə tutulur. Şəhərdə ümumi uzunluğu 110 km müxtəlif diametrli paylayıcı su şəbəkəsi və 103 km-ə yaxın kanalizasiya şəbəkəsi yaradılacaq. Hacıqabul şəhərinin şərq hissəsində, çökək ərazidə kanalizasiya nasos stansiyasının tikintisi planlaşdırılır. Yaranacaq çirkab sular toplanaraq Şirvan-Kürdəmir avtomobil yolunun kənarında tikiləcək məhsuldarlığı sutkada 6 min kubmetr olacaq sutəmizləyici qurğuya ötürüləcək.

   “İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” isə əhali artımınin 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 40 min nəfər üçün hesablanmışdır. Layihə çərçivəsində şəhərin dayanıqlı su təchizatının aparılması üçün 2 ədəd 2500 kubmetr, 2 ədəd 600 kubmetr və 1 ədəd 1500 kubmetr həcmində su anbarları və ümumi uzunluğu 180 km olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi tikiləcəkdir. Şəhərdə yaranacaq çirkab suların toplanması üçün 170 km ümumi uzunluğunda kanalizasiya şəbəkəsinin yaradılması, 23 ədəd kanalizasiya nasos stansiyasının inşası planlaşdırılır. Yaranacaq çirkab sular toplanaraq drenaj suları axan kollektorun yaxınlığında tikiləcək məhsuldarlığı sutkada 10 min kub metr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək.

   İmişli şəhərinin içməli su ilə təmin etmək üçün Beyləqan rayonunun  Dünyamalılar kəndi ərazisində 5 subartezian quyusu qazılacaq ki, onların məhsuldarlığı saniyədə 120 litr olacaq. Subartezian quyulardan İmişli şəhərinə 630 mm diametrli 29 km uzunluğunda magistral su xətti çəkiləcək.