logo

“Azərsu” ASC “Müstəqil Azərbaycan 20 ildə” sərgisində təmsil olunur


Yaradılıb: 28-09-2011 00:36

              

Sentyabrın 27-də Bakı Sərgi Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan 20 ildə” adlı milli sərgi açılmışdır. 

   Sərgidə 130-dan çox müəssisə, təşkilat və şirkət iştirak edir. Ümumi sahəsi 11 min kvadratmetr olan sərgidə Azərbaycanın son 20 ildə qazandığı uğurlar, o cümlədən ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, su təsərrüfatı, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdəki nailiyyətləri nümayiş olunur. Sərgidə, həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən eksponatlar da təqdim edilir.

   Ölkəmizin sürətli iqtisadi inkişaf dövrünün – 2003-2011-ci illər üzrə göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, həmin illərdə ümumi daxili məhsulun (ÜDM) orta illik artımı 14 faiz, o cümlədən qeyri-neft sektorunda 9 faiz olmuşdur. ÜDM-də özəl sektorun payı 81,7 faizə çatmışdır. İqtisadiyyata investisiya qoyuluşu 2,4 dəfə, o cümlədən xarici investisiya qoyuluşu 1,5, daxili investisiya qoyuluşu isə 5,5 dəfəyədək artmışdır. 2010-cu ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 14 dəfədən çox artaraq 29 milyard dolları ötmüşdür.

   “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin təmsil olunduğu sərgidə 20 il ərzində ölkənin su təchizatı sektorunda görülmüş işlərdən bəhs edən eksponat və maketlər yerləşdirilmişdir. Səhmdar Cəmiyyətin pavilyonunda içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihələr barədə geniş məlumat verilir, bunlarla bağlı videoçarx nümayiş olunur.

   Stendlərdə müstəqillik illərində su təchizatı sektorunda həyata keçirilən ən böyük layihə - Oğuz-Qəbələ-Bakı su kəməri, həmçinin Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğu, Kür və Ceyranbatan sutəmizləyici qurğular kompleksləri, Hövsan Aerasiya Stansiyası barədə ətraflı məlumatlar yerləşdirilmişdir. Sərgi iştirakçılarının diqqətinə Abşeron yarımadasının su təchizatının sxemi, bölgələr də daxil olmaqla qarşıdakı illərdə həyata keçiriləcək layihələr barədə məlumatlar təqdim olunur.