logo

Quba şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur


Yaradılıb: 24-09-2011 07:34

                

 Prezident İlham Əliyev Quba rayonuna səfəri zamanı 5 min kubmetrlik su anbarının təməlini qoymuşdur. Quba şəhərinin və ətraf yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi ilə bağlı ölkə başçısına məlumat verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən layihə çərçivəsində işlərə bu ilin avqust ayından başlanılmışdır. Layihəyə uyğun olaraq Qudyalçayın məcrasında uzunluğu 1200 metr, məhsuldarlığı saniyədə 120 litr və ya sutkada 10 400 kubmetr olan drenaj tipli suqəbuledici qurğu, hər birinin həcmi 3 min kubmetr olan 2 ədəd və 5 min kubmetr olan 1 ədəd su anbarı tikiləcək, yeni supaylayıcı şəbəkə yaradılacaq. Şəhər daxilində 152 kilometr yeni magistral su və 147 kilometr yeni kanalizasiya xətlərinin çəkilişi nəzərdə tutulur.

     2013-cü ilin birinci yarısında başa çatdırılacaq layihənin icrası nəticəsində Quba şəhəri və ətraf yaşayış massivləi keyfiyyətli və dayanıqlı içməli su ilə təmin ediləcəkdir. Yeni inşa olunacaq kanalizasiya xətti də şəhərin mövcud kanalizasiya probleminin həllində mühüm rol oynayacaqdır. Burada toplanan çirkab suları Xaçmaz çirkab sutəmizləyici qurğusuna ötürüləcəkdir.

   Prezident İlham Əliyev “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkəmizin su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri əks etdirən stendə baxmışdır.