logo

Gəncənin su təchizatı və kanalizasiya sistemi yenidən qurulur


Yaradılıb: 12-09-2011 04:21

           

   Sentyabrın 8-də “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihəsinə uyğun olaraq işlərin başlanması münasibəti ilə təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncəyə, eləcə də gəncəlilərə göstərdiyi diqqət və qayğıya görə, Prezident İlham Əliyevə minnətdarlığını bildirib və bu işlər nəticəsində əhalinin içməli suya olan tələbatı tamamilə ödənəcək.

   “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov çıxışında bildirib ki, Gəncə şəhərinə Göygöldən saniyədə 200 litr, Gəncə Çayının Qızılqaya yatağından saniyədə  78 litr, Şəmkir su anbarından isə saniyədə 1141 litr olmaqla cəmi 1419 litr içməli su gətiriləcək. Layihənin birinci mərhələsində Göygöl suötürücü qurğular sahəsini bərpası, Göygöl-Gəncə magistral boru kəmərinin inşası və həcmi 4 min kubmetr  olan yeni su anbarının tikintisi həyata keçiriləcək. İkinci mərhələdə Qızılqaya suötürücü qurğuların bərpası və yeni su anbarının tikintisi, üçüncü mərhələdə isə su təchizat sisteminin qalan hissəsinin və bütövlükdə kanalizasiya sisteminin yenidən qurulması reallaşacaq. Birinci mərhələ üzrə tikinti işlərini tenderin qalibi Türkiyənin “Haselsan” şirkəti həyata keçirəcək.

  Təməlqoyma mərasimində İsveçrənin Azərbaycandakı səfiri xanım Sabina Şaban, Almaniya İqtisadi Əməkdaşlıq Nazirliyinin Qafqaz üzrə nümayəndəsi Klüvert Silka, Almaniyanın KFW bankının meneceri Devid Betoloza çıxış edərək Gəncənin su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində görüləcək işlərdən danışıb, bu nəhəng layihənin nəzərdə tutulan vaxtda yekunlaşdırılması məqsədilə görüləcək işləri diqqətə çatdırıblar.

   Xatırladaq ki, “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Azərbaycan Hökuməti  və Almaniyanın KFW Bankı arasında  “Ssuda Müqaviləsi” 25 sentyabr 2006-cı il tarixində imzalanıb.