logo

Ceyranbatan Su Kəmərləri İdarəsinin 50 illik yubileyi keçirilmişdir


Yaradılıb: 08-09-2011 23:54

              

  Sentyabrın 8-də Ceyranbatan Su Kəmərləri İdarəsinini  50 illik yubileyi münasibəti ilə təntənəli tədbir keçirilmişdir. Tədbirdən əvvəl “Azərsu” ASC-nin rəhbərliyi və idarənin kollektivi Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət etmişlər.

    Ceyranbatan Su Kəmərləri İdarəsinin  50 illik yubileyinə həsr olunan tədbirdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxış edib. O, bildirib ki, 1961-ci ilin sentyabrın 8-də Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin birinci qurğusu istismara verilib və bununla da Abşeron yarımadasının içməli su təchizatında ciddi dəyişikliklərin əsası qoyulub.

    Qorxmaz Hüseynov çıxışında Bakı və Sumqayıt şəhərlərinin içməli su təchizatında Ceyranbatan Su Kəmərləri İdarəsinin müstəsna əhəmiyyətini xüsusi vurğulayıb. Səhmdar Cəmiyyətin sədri Prezident İlham Əliyevin sərəncamı ilə “Azərsu” ASC-nin bir qrup işçisinin “Tərəqqi” medalı və “Əməkdar Mühəndis” fəxri adı ilə təltif olunmalarını onların əməyinə verilən ən böyük qiymət kimi dəyərləndirib.

   “Azərsu” ASC-nin “Sukanal” ETLİ-nin direktor müavini Əhməd Məmmədov, Səhmdar Cəmiyyətin Su mənbələrinin işlənməsi və magistral su kəmərləri departamentinin rəisi Mirkamil Seyidov, Ceyranbatan Su Kəmərləri İdarəsinin kimyəvi təhlil laboratoriyasının laborantı Yazgül Rüstəmova və başqaları çıxış edərək onların əməyinə verilən qiymətə görə Prezident İlham Əliyevə, həmçinin “Azərsu” ASC-nin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 Yubiley mərasimində Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin inkişafında xüsusi xidmətləri olmuş 24 nəfərə “Azərsu” ASC-nin fəxri fərmanı, qiymətli hədiyyələr və pul mükafatları təqdim olunub. Sonda tədbir iştirakçılarının Prezident İlham Əliyevə müraciəti qəbul olunub.

   Xatırladaq ki, Prezident İlham Əliyevin 7 sentyabr 2011-ci il tarixli sərəncamları ilə Azərbaycanda su təsərrüfatının inkişafındakı xidmətlərinə görə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 5 işçisi – Famil Əliyev, Şamama Lətifova, Əlkərim Məmmədov, Yazgül Rüstəmova və Mirkamil Seyidov “Tərəqqi” medalı, “Sukanal” Elmi-Tədqiqat Layihə İnstitutunun direktor müavini Əhməd Məmmədov isə “Əməkdar Mühəndis” fəxri adı ilə təltif ediliblər.