logo

Korgöz sakinlərinin içməli su problemi həll edildi


Yaradılıb: 26-08-2011 23:47

                

  Ramazan bayramı ərəfəsində, avqustun 26-da Qaradağ rayonunun Korgöz qəsəbəsinə yeni çəkilmiş su kəmərinin açılışı olub. Açılış mərasimində Qaradağ rayonu  icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, “Azərsu” Açıq  Səhəmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov, Qaradağ rayonunun idarə və müəssisə rəhbərləri, həmçinin qəsəbə sakinləri iştrak ediblər.

  “Azərsu” ASC-nin sədr müavini Köçərli  Həsənov bildirib ki, Səhmdar Cəmiyyət əhalinin su təchizatının yaxşılaşdırılması üçün “Təxirəsalınmaz tədbirlər planı” hazırlayıb. Tədbirlər planının tərkib hissəsi olaraq Qaradağ rayonunun kənd və qəsəbələrinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının layihə semeta sənədləri hazırlanıb və qısa müddətdə işlərə başlanıb. Plana uyğun olaraq iyulun ortalarında Korgöz qəsəbəsinə su çəkilişinə başlanıb: “Çox qısa bir zamanda uzunluğu 4,4 km, diametri  250 mm olan plastik boru ilə su xətti çəkilib və qəsəbə sakinlərinin istifadəsinə verilib. Bununla da qəsəbənin neçə illərdir davam edın içməli su problemi birdəfəlik həll olunub. Qəsəbənin kanalizasiya problemi isə ölkə başçısının may ayında təsdiq etdiyi “2011-2013-cü illər Bakı şəhəri və onun qəsəbələrinin sosial iqtisadi inkşafına dair Dövlət Proqramı”na uyğun olaraq qarşıdakı 2 ildə həllini tapacaqdır”.

  Köçərli Həsənov onu da bildirib ki, “Təxirəsalınmaz tədbirlər planı”na uyğun olaraq  Qaradağ rayonunun Lökbatan qəsəbəsinə diametri 530 mm, uzunluğu 8 km olan yeni su xətti çəkilib istismara verilib. Artıq Lökbatan qəsəbəsinin 80 faizi fasiləsiz, davamlı su ilə təmin olunub, qalan 20 faizi də yaxın gələcəkdə təmin olunacaq.

  “Azərsu” ASC-nin sədr müavininin sözlərinə görə “2011-2013-cü illər Bakı şəhəri və onun qəsəbələrinin sosial iqtisadi inkşafına dair Dövlət Proqramı”na uyğun olaraq Qaradağ rayonunun 14 kənd və qəsəbəsinin su təchizatı və kanalizasiya sistemi tamamilə yenidən qurulacaq. Eyni zamanda Qaradağ rayonunda 4 çirkab sutəmizləyici qurğular stansiyasının  tikilib istismara verilməsi planlaşdırılır və bunlarla bağlı layihə smeta sənədlərinin işlənməsinə başlanılıb. Rayonun Sahil qəsəbəsində yerləşən təmizləyici qurğular kompleksinin rekonstruksiyasına, həm onun yeni texnoloji avadanlıqla təmin olunmasına, həm də məhsuldarlığının artırılmasına dair smeta sənədləri hazırlanıb. Yaxın gələcəkdə bu işlərə başlanılacaq və 2013-cü ilin sonuna qədər bu işlər tam başa çatdırılacaq”.

  Açılış mərasimində iştirak edən qəsəbə sakinləri su problemlərinin həll edilməsinə görə Prezident İlham Əliyevə, “Azərsu” ASC-nin və Rayon icra hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.