logo

Şamaxı şəhəri və Sabir qəsəbəsinin su təchizatı yaxşılaşdırılır


Yaradılıb: 24-08-2011 09:00

  “Azərsu” ASC Şamaxı rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə tikinti və yenidənqurma işlərinə başlayıb. Səhmdar Cəmiyyətin hazırladığı tədbirlər planına uyğun olaraq rayon ərazisində biri Sabir qəsəbəsində, digəri Əngəxaran kəndində olmaqla 2 ədəd artezian quyusu qazılıb. Əngəxaran kəndində qazılmış quyunun suyu rayon mərkəzini içməli su ilə təmin edən anbara daxil olacaq, oradan isə paylayıcı şəbəkəyə ötürüləcək. Diametri 160 millimetr, uzunluğu isə 1300 metr olan boru xəttinin çəkilişi artıq başa çatıb və hazırda xətlərdə birləşdirmələr aparılır. Bununla paralel suyun rayon mərkəzindəki mənzillərə çatdırılmasını təmin etmək üçün məhəllədaxili xətlərin vəziyyəti yoxlanılır və abunəçilər üçün sayğaclar quraşdırılır.

  Sabir qəsəbəsində qazılmış artezian quyusu isə qəsəbənin  su təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutlur. Bu məqsədlə indiyə qədər həmin yaşayış məntəqəsində 750 metr uzunluğunda boru xətti cəkilib. 115 metr uzunluğunda əlavə xətt çəkildikdən sonra isə borular birbaşa şəbəkəyə qoşulacaq.

  Qeyd edək ki, yeni qazılmış artezian quyularının ümumi məhsuldarlığı saatda 50 kubmetrdir. Bu layihənin həyata keçirilməsi nəticəsində Şamaxı şəhəri və Sabir qəsəbəsində 600-dən artıq abunəçinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq. “Azərsu” Cəhmdar Cəmiyyətinin daxili imkanları hesabına həyata keçirilən layihə yaxın günlərdə tam başa çatdırılacaq.