logo

İçməli suyun keyfiyyət göstəriciləri nəzarətdə saxlanılır


Yaradılıb: 22-09-2023 14:34

   

İstehlakçılara verilən içməli suyun keyfiyyətinin, həmçinin kənarlaşdırılan tullantı sularının tərkibinin ekoloji standartlar çərçivəsində nəzarətdə saxlanılması Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-nin prioritet vəzifələrindəndir.

2023-cü ilin yanvar-avqust aylarında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış qrafik əsasında su anbarları, nasos stansiyaları, su şəbəkələri, təhsil və səhiyyə müəssisələri, mühüm dövlət obyektləri və digər obyektlərdən ümumilikdə 1468 nöqtədən 44545 su nümunəsi götürülüb. Həmin nümunələr üzrə 263191 göstərici təyin edilib.

Ötən il işğaldan azad olunmuş ərazilərdən götürülmüş 7 su nümunəsi üzrə 327 analiz aparılıb.

Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qrafik əsasında təmizləyici qurğular, sənaye müəssisələri, şəhər kollektorları və şəbəkələrindən götürülmüş 10543 tullantı su nümunəsi üzrə 48729 parametr öyrənilib.

Hazırda “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında içməli suyun 56, tullantı suların 60 olmaqla, ümumilikdə 116 parametri üzrə analizlər aparılır. Ümumilikdə içməli suyun  keyfiyyətinə 9-u regional olmaqla 11, tullantı sularının tərkibinə isə 15 laboratoriya tərəfindən nəzarət olunur.

Qeyd edək ki, “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası 2013-cü ildə fəaliyyətə başlayıb. Bir il sonra Latviya Dövlət Akkreditasiya Qurumu (LATAK) tərəfindən beynəlxalq akkreditasiyadan keçən laboratoriya ötən dövrdə müxtəlif səriştəlilik testi proqramlarına qoşulub.