logo

Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksi


  

          

“Şollar-Bakı” su kəməri  Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. Bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakı Şollar kəndindəki yeraltı sulardan götürür. İngilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında çəkilən su kəmərinin tikintisi 20-ci əsrin əvvəllərinə təsadüf edir. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən kəmər 100 ildən çoxdur ki, Bakı əhalisini su ilə təmin edir.

   Mənbəyini Bakıdan 187 kilometr məsafədən götürən su kəmərinin tikintisinə 1911-ci ildə başlanılıb. Lakin kəmərin tikintisində fasilələr yarandığından “Şollar” suyu Bakı əhalisinə 1917-ci ildə çatdırılıb. Həmin il fevralın 20-i (köhnə təqvimlə 7 fevral) tarixə “Bakı-Şollar” su kəmərinin açılışı günü kimi düşüb. “Şollar” su kəmərinin layihə gücü saniyədə 1,27 kubmetrdir (sutkada 109 min kubmetr). 1917-ci ildə “hərbi variant” üzrə istifadəyə verilən kəmərlə gətirilən suyun həcmi ilk vaxtlar layihə gücünün təxminən 1/3 hissəsini təşkil edib. 1930-cu illərdə həyata keçirilən texniki tədbirlərdən - əlavə artezian quyularının qazılması, su anbarlarının tutumunun 170 min kubmetrədək, nasos stansiyalarının gücünün 3,5 dəfə artırılmasından sonra nəql olunan suyun həcmi sutkada 109 min kubmetrə çatdırılıb.

   “Şollar” kəməri ellipsoid formalı monolit betondan hazırlanmış borulardan çəkilib. Hündürlüyü 1,7 metr, eni 1,2 metr olan borular marşrut boyunca torpağa basdırılıb. Borular özüaxımlı rejimi təmin etmək üçün ərazinin relyefindən asılı olaraq bəzi yerlərdə torpağın 2, bəzi yerlərdə isə 8 metr dərinliyində yerləşir. Məhz bunun nəticəsidir ki, kəmər H.Z.Tağıyev qəsəbəsindəki nasosxanaya qədər özaxımlıdır. Buradan su nasoslar vasitəsi ilə Müşfiqabad qəsəbəsinə vurulur, oradanözaxımlı rejimdə Bakı şəhərinə nəql olunur.

   Şollar mənbəyi artezian üsulu ilə qazılmış 24 quyu və lay sularından qidalanır. Birinci sifon tipli tunelə 16, ikinciyə 5, üçüncüyə isə 3 quyunun suyu daxil olur. Həmçinin dördüncü kaptaj xətti də var ki, bura lay suları və 32 bulaq qoşulur. Quyular mənbədən 2-3 kilometr şimalda “Şahdağ” silsiləsinə doğru meşədə qazılıb.

  1917-ci ildən fasiləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib. "Şollar" ilin bütün dövründə orta hesabla saniyədə 1200-1300 litr su verir.