logo

Bakıda II Xəzər Su İnnovasiya Forumu keçirilir


Yaradılıb: 30-05-2023 16:25

 

Bakıda “Aqualink” şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi, dünyanın aparıcı su mütəxəssislərinin və ekoloqlarının iştirakı ilə II Xəzər Su İnnovasiya Forumu keçirilir.

Tədbiri giriş sözü ilə açan ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov son illər Azərbaycanda su problemlərinin həlli sahəsində məqsədyönlü tədbirlərin görüldüyünü bildirib. Qeyd edib ki, respublikada su problemlərinin həlli prioritet məsələ kimi müəyyən edilib, bu sahədə ciddi səylər göstərilərək strateji proqram uğurla icra olunmaqdadır.

V.Kərimov vurğulayıb ki, Azərbaycan ərazisi məhdud su ehtiyatlarına malikdir. Digər tərəfdən əhalinin sayının artması, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin genişləndirilməsi, iqlim dəyişmələri səbəbindən çayların suyunun azalması nəticəsində respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Məhz bu baxımdan, ölkəmizdə su sahəsində fəaliyyət göstərən qurumların fəaliyyətinin əlaqələndirilməsi, su ehtiyatlarının səmərəli idarə edilməsi və ölkənin su təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2020-ci ildə Dövlət Su Komissiyası yaradılıb və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə aid tədbirlər planı təsdiq edilib.

Forumda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sudan istifadənin səmərəliliyindən söz açaraq, suyun insanlara bəxş edilən böyük bir nemət olduğunu deyib. Sudan düzgün istifadə ilə bağlı dövlətimiz tərəfindən maarifləndirici tədbirlər həyata keçirilməklə yanaşı, bu sahəyə böyük vəsaitlər ayrılır.

O.Məmmədov bildirib ki, Kiçik və Orta biznes Agentliyinin əsas vəzifəsi respublikada kiçik və orta biznes subyektlərinin inkişafının dəstəklənməsi, ilk növbədə isə onların iqtisadiyyatda rolunun artırılmasıdır.

KOBİA-nın İdarə Heyətinin sədri nəzərə çatdırıb ki, ölkədə su təminatının yaxşılaşdırılması istiqamətində müvafiq qurumların səyləri məqsədyönlü və effektiv olmalıdır. Su resurslarından səmərəli istifadə sahəsində sahibkarların məlumatlandırılması onların bilik və bacarıqlarının inkişafı, müasir dövrün tələblərinə əsasən su resurslarından qənaətcil fəaliyyətin təşkili, damcı suvarma sisteminin tətbiqi, tullantı sularının təkrar istifadəsi, o cümlədən sudan emal və tikinti sahəsində qənaətlə istifadə günümüzün tələbidir.

“Azərsu” ASC sədrinin müavini Seymur Seyidov diqqətə çatdırıb ki, son dövrlər şirin suya olan tələbatın artması fonunda qlobal miqyasda su çatışmazlığı ilə bağlı yaranan təhdidlər bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsini zəruri edib. Onun sözlərinə görə, istehlakçıların fasiləsiz və keyfiyyətli, eləcə də ekoloji standartlara cavab verən su ilə təmin olunması həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının böyük tərkib hissəsidir.

Qeyd olunub ki, ötən müddət ərzində Bakı şəhərində, həmçinin regionlarda içməli su və tullantı su sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilib. Nəticə etibarı ilə 44 yeni su mənbəyi yaradılıb ki, bunlar da insanların dayanıqlı və keyfiyyətli suya əlçatanlığının təmin olunmasına mühüm töhfə verib.

Forum panel iclasları ilə davam edib.