logo

Sabunçu rayonunun Balaxanı qəsəbəsində sudan qanunsuz istifadə hallarının qarşısı alınıb


Yaradılıb: 25-07-2022 16:04

     

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan nəzarət tədbirləri nəticəsində Sabunçu rayonunun Balaxanı qəsəbəsində  sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

Balaxanı qəsəbəsinin Sadıqcan küçəsindəki şirniyyat mağazası, avtoyuma məntəqəsi və marketdə suyun talanması aşkar edilib. Məlum olub ki, bu obyektlərin sayğacları olsa da, qeyri-qanuni xətlərdən istifadə olunub. Qəsəbənin Səməd Məsud küçəsində yerləşən restoranın sahibi isə texniki şərt və müqavilə olmadan şəbəkəyə özbaşına qoşularaq sudan qanunsuz istifadə edib. Obyektlərin su təchizatı dərhal dayandırılıb və akt tərtib edilərək dəymiş ziyan hesablanıb. Bundan əlavə, Həsən Əliyev küçəsində makler tərəfindən tikilən 5 fərdi yaşayış evinin hər birinin içməli suyu olsa da, onların sudan uçotsuz istifadə etdiyi üzə çıxıb. İçməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına və ciddi su itkilərinə səbəb olur. Belə hallar həmin ərazidə yaşayan digər sakinlərin su təchizatında da ciddi problemlər yaradır.

   

“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə yolverilməzdir. Belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında  içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 4713, Sabunçu rayonu üzrə isə 774  fakt aşkarlanıb. Həmin hallar üzrə müvafiq olaraq 1 milyon 226 min və 242 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin yanvar-iyun aylarında  sudan qanunsuz istifadə ilə bağlı 100-dən çox fakt araşdırılması üçün  hüquq-mühafizə orqanlarına təqdim olunub.

https://www.youtube.com/watch?v=d4fC5DBEuGY