logo

Sumqayıtda ictimai dinləmələr keçirilib


Yaradılıb: 18-07-2022 16:33

         

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin yanında İctimai Şuranın təşəbbüsü ilə Sumqayıt Sukanal İdarəsində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib. İctimai Şuranın sədri Rauf Zeyni bildirib ki, ilk dəfə Sumqayıtda keçirilən ictimai dinləmələr “Azərsu” ASC-nin digər sukanal idarələrində də təşkil olunacaq. O, ictimai dinləmələrin hər bir kəs üçün açıq olduğunu, görüşdə iştirak edən vətəndaşların həm özlərinin, həm də təmsil etdikləri rayon, qəsəbə, küçə və məhəllə ilə bağlı qaldırdıqları məsələlərin həllinə birlikdə yardımçı olacaqlarını vurğulayıb.

     

Sumqayıt Sukanal İdarəsinin rəisi Xalid Quluzadə Sumqayıt şəhərinin, eləcə də H.Z.Tağıyev və Corat qəsəbələrinin içməli su təchizatı, şəhər ərazisində formalaşan tullantı sularının idarə edilməsi barədə iştirakçılara geniş məlumat verib: “Hazırda Sumqayıt şəhərində abonentlərin 90 faizi 24 saat fasiləsiz su ilə təmin olunur. Qrafik əsasında su ilə təmin edilən 8, 9 və 10-cu mikrorayonların da 24 saatlıq rejimə keçirilməsi istiqamətində işlər davam etdirilir. İyul ayı ərazində isə 8-ci mikrorayondakı 40-dan artıq çoxmənzilli binanın sakinləri də fasiləsiz su alacaqlar”. 

İctimaiyyət nümayəndələrindən Təhmiraz Mansurov Yaşıldərə yaşayış massivində kanalizasiya infrastrukturunun yaxşılaşdırılması, Təyyar Eminov Yaşma bağ massivində, Nazim Balayev Ceyranbatan qəsəbəsinin yeni yaşayış massivində içməli su infrastrukturunun yaradılması, Səbinə Kərimova isə yaranmış borcun hissə-hissə ödənilməsinə köməklik göstərilməsini “Azərsu”  ASC-nin və İctimai Şura üzvlərinin diqqətinə çatdırıblar.

     

Qeyd olunub ki, artıq Yaşıldərə yaşayış massivində bu istiqamətdə işlərə başlanılıb, layihənin birinci mərhələsində əsas daşıyıcı kollektorun 3500 metrlik hissəsi tikilib istismara verilib. İkinci mərhələdə isə kollektorun qalan hissəsi inşa olunacaq.

İctimai Şuranın sədri Rauf Zeyni Yaşma bağlarında və Ceyranbatan qəsəbəsinin yeni yaşayış massivində içməli su infrastrukturunun yaradılması ilə bağlı aidiyyəti üzrə müraciət olunacağını bildirib. 

Sonra ictimaiyyət nümayəndələri Sumqayıt tullantı sutəmizləyici qurğusunda olublar. Onlara qurğuda aparılan emal prosesi, tullantı sularının təmizlənmə texnologiyası ilə bağlı ətraflı məlumat verilib.