logo

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Oğuz şəhərində vətəndaşları qəbul edib


Yaradılıb: 14-06-2022 16:42

     

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 14 iyun 2022-ci il tarixində Oğuz şəhərində Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Oğuz Olimpiya İdman Kompleksində keçirilən qəbulda Oğuz və Qəbələ rayonlarından 45 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.

   

Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədr müavini K.Həsənov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.