logo

“Azərsu” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindəki bölmələrinə 58 mindən çox müraciət edilib


Yaradılıb: 14-06-2022 10:57

   

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri  xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın  artırılmasını təmin edir. 2022-ci ilin yanvar-may aylarında bu mərkəzlərə “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərlə bağlı 58197 müraciət edilib. Müraciətlərin 32878-i “ASAN Kommunal”, 25319-u isə “ASAN xidmət” mərkəzlərində qeydə alınıb.  Vətəndaşlar xidmət bölmələrinə daha çox texniki şərtin verilməsi,  abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi və s. məsələlərlə bağlı müraciətlər edib.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən “Azərsu” ASC “ASAN Kommunal”  mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 570 minədək   müraciət daxil olub.

Hazırda “Azərsu” ASC-nin xidmətləri  Bakı şəhərindəki 1,2,3 saylı “ASAN Kommunal”, 6 saylı “Asan xidmət”, həmçinin regionlarda 15 “ASAN xidmət” mərkəzində təşkil olunub.