logo

Şuşa şəhərinin içməli, tullantı və yağış suları sistemlərinin yaradılması layihəsi ilə bağlı təqdimat keçirilib


Yaradılıb: 02-06-2022 17:40

      

    Şuşa şəhərinin içməli, tullantı və yağış suları sistemlərinin yaradılması və yenidən qurulmasının texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasına Niderlandın “Vitteveen Bos” məsləhətçi şirkəti də cəlb olunub. “Azərsu” ASC-də Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, “Azərsu” ASC-nin rəhbərliyi və mütəxəssislər, layihəni hazırlayan “İqlim” şirkətinin mütəxəssislərinin iştirakı ilə təqdimat keçirilib.

      

Məsləhətçi şirkətin nümayəndələri bildirib ki, layihə hazırlanarkən Şuşa şəhərinin su mənbələri, anbar və paylayıcı şəbəkələri, suyun keyfiyyəti, tullantı sularının idarə olunması və ekoloji məsələlər nəzərə alınıb. Şuşa şəhərinin gündəlik su tələbatı 6000 kubmetr qiymətləndirilir. Şuşanın dayanıqlı su təchizatının aparılması üçün şəhərin 8 müxtəlif təzyiq zonalarına bölünməsi, 2 zonanın hidrofor nasoslarla, 6 zonanın isə özüaxımlı rejimdə su ilə təmin olunması təklif edilir. Təzyiq zonalarını qidalandırmaq üçün mövcud anbarla yanaşı, 2 yeni anbarın da inşası nəzərdən keçirilir. Relyef baxımından çökək nöqtələrin su təchizatında izafi təzyiqin aradan qaldırılması üçün təzyiqqırıcılardan istifadə edilməsi nəzərdə tutulur.

Şuşa şəhərinin bütün ərazisi kanalizasiya şəbəkəsi ilə təmin olunacaq. Şəhərin şərq hissəsində, relyef baxımından çökəklikdə yerləşən ərazidə tullantı sutəmizləyici qurğusu inşa olunacaq.

Layihə mütəxəssislərin iştirakı ilə işçi qaydada bir daha müzakirə olunacaq.