logo

Yeni içməli su standartı və qaydalarının hazırlanması məqsədilə görüş keçirilib


Yaradılıb: 27-05-2022 15:11

                     

25-26 may 2022-ci il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri və Milli  İşçi Qrupun üzvləri arasında  “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” Dövlət Standartlarının hazırlanması üzrə görüş keçirilib.

Görüşdə ÜST nümayəndələri bildiriblər ki, missiyanın məqsədi Azərbaycanda yeni içməli su standartları və qaydalarının hazırlanmasına texniki dəstək göstərməkdir.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Standartlaşdırma İnstitutu, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərindən ibarət Milli İşçi Qrupunun təklif etdiyi su standartı layihəsi müzakirə olunub, içməli suyun təhlükəsizliyi planı, gələcək hədəflər, içməli suyun fiziki-kimyəvi və bakterioloji parametrlərinin öyrənilməsi ilə bağlı müzakirələr aparılıb. ÜST-nin ekspertləri tərəfindən müvafiq tövsiyələr verilib və bu sahədə ən yaxşı təcrübələr barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasında istehlakçılara verilən içməli suyun keyfiyyət göstəriciləri MDB ölkələrinin birgə qəbul etdiyi Dövlətlərarası Standarta (DÜST 2874-82) uyğun təyin edilir. 2874-82 saylı DÜST standartına müvafiq olaraq içməli suyun orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji, parazitoloji, radioloji göstəriciləri öyrənilir.