logo

Yanvar-mart aylarında elektron xidmətlərlə bağlı 173 min müraciət qeydə alınıb


Yaradılıb: 14-04-2022 16:27

   

“Azərsu” ASC tərəfindən vətəndaşlara göstərilən müştəri xidmətlərində operativliyin, şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədilə yeni elektron xidmətlərin yaradılması istiqamətində zəruri tədbirlər davam etdirilir. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin  genişləndirilməsi ilə bağlı  tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq elektron xidmətlərdən istifadə imkanları genişləndirilir.

2012-ci ildən başlayaraq “Azərsu” ASC tərəfindən bu sahədə zəruri tədbirlər  həyata keçirilərək elektron xidmətlərin əhatə dairəsi və istifadə sayı ildən-ilə artır. 2022-ci ilin yanvar-mart aylarında vətəndaşlar tərəfindən müxtəlif elektron xidmətlərlə bağlı 173 min müraciət qeydə alınaraq icraya yönləndirilib. Ən çox müraciət “Su borcunun internet vasitəsilə öyrənilməsi”, "Elektron müraciət" və "Elektron faktura" xidmələri üzrə qeydə alınıb.

Ümumilikdə xidmətlər istifadəyə veriləndən indiyədək vətəndaşlar tərəfindən 1 milyon 847 min müraciət edilib.

Vətəndaşlar www.e-gov.az  Elektron Hökumət Portalı və www.azersu.az saytı vasitəsilə xidmətlərdən yararlana bilərlər.  Elektron xidmətlər vətəndaşların və xidmət təşkilatlarının işini sadələşdirir və asanlaşdırır. Vətəndaşlar bu xidmətlərdən istifadə etməklə əlavə vaxt itkisi və nəqliyyat xərcləri ilə qarşılaşmırlar.

Hazırda “Azərsu” ASC tərəfindən 19 adda elektron xidmət göstərilir:

  1. Su borcunun internet vasitəsilə öyrənilməsi
  2. Su borcunun internet vasitəsilə ödənilməsi
  3. Abonent məlumatlarının dəyişdirilməsi
  4. İstehlakçıların su təchizatı  və tullantı sularının axıdılması sisteminə  qoşulması üçün texniki şərtlərin alınması
  5. “Su təchizatı və tullantı sularının axıdılması xidmətləri”nə dair abonentə aid məlumatların verilməsi
  6. “Su təchizatı və tullantı sularının axıdılması xidmətləri”ndən istifadəyə görə borcun olmaması haqqında arayış
  7. “Su sayğaclarının  təmiri və  yaxud  nasaz  sayğacların  dəyişdirilməsi müraciəti” 
  8. "Su sayğaclarının plombunun  dəyişdirilməsi  müraciəti"
  9. "Su təchizatı və tullantı sularının axıdılması sistemində baş  vermiş  qəzaya dair müraciət" 
  10. "Elektron müraciət"
  11. "Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son  12  ay  üzrə faktura və  ödəniş  məlumatlarının verilməsi" elektron xidməti
  12. "Əhali qrupuna aid olan yeni istehlakçının qeydiyyata alınması"
  13. "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması"
  14. “Su nümunələrinin yoxlanılmasına  dair  müraciət”
  15. "Borcun araşdırılması üzrə  müraciət" 
  16. "Su sayğaclarının quraşdırılması  müraciəti"
  17. "Su təchizatı və tullantı sularının idarə olunması xidmətinin müvəqqəti dayandırılması və bərpası müraciəti"
  18. "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi"
  19. "Elektron faktura"