logo

İçməli suyun keyfiyyət göstəriciləri nəzarətdə saxlanılır


Yaradılıb: 11-04-2022 17:05

     

  İstehlakçılara verilən içməli suyun keyfiyyətinin, həmçinin kənarlaşdırılan tullantı sularının tərkibinin ekoloji standartlar çərçivəsində nəzarətdə saxlanılması “Azərsu” ASC-nin prioritet vəzifələrindəndir.

2022-ci ilin yanvar-mart aylarında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış qrafik əsasında su anbarları, nasos stansiyaları, su şəbəkələri, təhsil və səhiyyə müəssisələri, mühüm dövlət obyektləri,  mehmanxana,  idman kompleksləri və digər obyektlərdən ümumilikdə 1121 nöqtədən 15732 su nümunəsi götürülüb. Həmin nümunələr üzrə 97033 göstəricisi təyin edilib. 

  Eyni zamanda,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qrafik əsasında təmizləyici qurğular, sənaye müəssisələri, şəhər kollektorları olmaqla ümumilkdə 66 nöqtədən tullantı su nümunələri  götürülüb. Həmin nümunələr üzrə tullantı sularının 10558 parametri öyrənilib.

  Hazırda “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında içməli suyun 53, tullantı suların 59 olmaqla, ümumilikdə 112 parametri üzrə analizlər aparılır.

  Mərkəzi Laboratoriyanın təcrübəsindən istifadə etməklə 9 regional laboratoriya yaradılıb. Regional laboratoriyalar Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də nəzarətdə saxlamağa imkan verir.

Qeyd edək ki, “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası 16 sentyabr 2013-cü ildə fəaliyyətə başlayıb. Bir il sonra Latviya Dövlət Akkreditasiya Qurumu (LATAK) tərəfindən beynəlxalq akkreditasiyadan keçən laboratoriya ötən dövrdə müxtəlif səriştəlilik testi proqramlarına qoşulub.