logo

“Azərsu” ASC-də İsrailin Milli Su Qurumu - “Mekorot” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib


Yaradılıb: 07-04-2022 16:39

     

   “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan İsrailin Milli Su Qurumu - “Mekorot” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

   “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov qonaqları salamlayaraq Azərbaycan və İsrail arasında münasibətlərə toxunub, qurumlararası əlaqələrdən söhbət açıb. Ölkəmizdə içməli su təchizatı və tullantı su sektorunda həyata keçirilən layihələr barədə məlumat verən sədr müavini bildirib ki, içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihələrinin icrasında beynəlxalq maliyyə təşkilatları və şirkətlərlə sıx əməkdaşlıq edilir. Su sektorunda innovativ texnologiyaların tətbiqi sahəsində İsrail şirkətlərinin böyük təcrübəyə malik olduğunu xatırladan E.Məmmədov ötən müddətdə “Azərsu” ASC mütəxəssislərinin bu ölkədə təşkil olunmuş sərgi və konfranslarda iştirak etdiyini, su texnologiyaları sahəsində müxtəlif şirkətlərlə əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

   “Mekorot” şirkətinin  Direktorlar Şurasının sədr müavini Yızhaq Aharonoviç rəhbərlik etdiyi şirkətin suyun effektiv idarə olunması sahəsində böyük təcrübəyə malik olduğunu bildirib. Qonaq qeyd edib ki, qlobal iqlim dəyişmələrinin su ehtiyatlarına mənfi təsirlərinin müşahidə olunduğu dövrdə sudan səmərəli istifadə məsələsi daha da aktuallaşır və bu sahədə mütərəqqi texnologiyaların tətbiqi mühüm əhəmiyyət daşıyır.

   Görüşdə içməli su sahəsində ağıllı texnologiyalardan istifadə, dəniz suyunun duzsuzlaşdırılması, su itkilərinin idarə olunması  və digər məsələlər üzrə təqdimatlar edilib və müzakirələr aparılıb. “Azərsu” ASC və  “Mekorot” şirkəti arasında Anlaşma Memorandumunun imzalanacağına əminlik ifadə olunub.