logo

Neftçala rayonunda içməli su təminatı layihələrinin icrası və görüləcək işlərlə bağlı təqdimat keçirilib


Yaradılıb: 30-03-2022 15:04

       

Neftçala şəhəri və rayonun kəndlərinin içməli su təminatı layihələrinin icrası və 2022-ci ildə görüləcək işlərlə bağlı təqdimat keçirilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Neftçala rayonunun yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral su kəmərinin tikildiyini və artıq 14 yaşayış məntəqəsinin içməli su probleminin həll edilidiyini diqqətə çatdırıb.

“Azərsu” ASC-nin  sədr müavini Etibar Məmmədov bildirib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” çərçivəsində Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmərinin və Salyan şəhəri yaxınlığında həcmi 7500 kubmetr olan su anbarının inşası başa çatdırılıb, 2020-ci ilin noyabr ayında Neftçala şəhərinə, 2021-ci ildə isə magistral kəmərə və şəhərə yaxın ərazidə yerləşən kəndlərin bir qisminə suyun verilməsi təmin edilib. Bununla paralel olaraq Neftçala şəhərində içməli su təchizatı sistemlərinin yenidən qurulmasına başlanılıb. Mərhələlərlə icra olunan layihə 2022-ci ildə də davam etdiriləcək və cari ildə şəhərdaxili su şəbəkəsinin tikintisi başa çatdırılacaq və bəzi kəndlərə suyun verilməsi təmin olunacaq.

“Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov Neftçala rayonunun yaşayış məntəqələrinin içməli su təminatı layihəsi  barədə geniş təqdimatla çıxış edib. Dövlət İnvestisiya Proqramına uyğun olaraq 2022-ci ildə Neftçala şəhərində 100 km içməli su xətti çəkiləcək, hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Bununla yanaşı 13 km uzunluğunda tullantı su xətlərinin və 1 ədəd yeni kanalizasiya nasos stansiyasının inşası nəzərdə tutulur. Yeni kanalizasiya nasos stansiyasının istismara verilməsi ilə istismar müddətini başa vurmuş və tez-tez qəzaların baş verdiyi 9 nasos stansiyasının fəaliyyəti dayandırılacaq.  Layihənin növbəti mərhələsində şəhərdə kanalizasiya şəbəkəsinin qurulması və formalaşan tullantı suların təmizlənib-zərəsizləşdirilməsi məqsədilə tullantı suəmizləyici qurğunun tikintisi həyata keçiriləcək.

   

Neftçala rayonunun kənd və qəsəbələrinin su təminatı məqsədilə də layihə hazırlanıb. Bu məqsədlə kəndlərin bir qisminə mövcud magistraldan, bir qisminə Salyan şəhərinin şəbəkəsindən, bir qisminə isə Şirvan-Muğan qrup su kəmərinin Şorsulu ərazisindən keçən hissəsindən suyun verilməsi layihələndirilib. Daha uzaq məsafədə yerləşən bəzi kəndlər üçün lokal həll planı işlənib və həmin kəndlərdə əks-osmos tipli sutəmizləyici qurğuların quraşdırılması layihələndirilib. Təqdimatdan sonra layihə ətrafında geniş fikir mübadiləsi aparılıb, rayon rəhbərliyinin təklifləri dinləndilib. Təkliflər nəzərə alınmaqla yekun sənəd hazırlanaraq hökumətə təqdim ediləcək.