logo

Ağdam rayonunun Xıdırlı kəndinin içməli su təchizatı bərpa edilir


Yaradılıb: 04-03-2022 14:51

         

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işləri davam etdirir. Ağdam rayonunun işğaldan azad olunmuş Xıdırlı kəndində məskunlaşma olan obyektlərin su təchizatı məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Ağdam rayonunun Xıdırlı kəndində içməli su təchizatının bərpası təxirəsalınmaz tədbirlər çərçivəsində həyata keçirilir və məskunlaşma olan obyektlərə  içməli suyun verilməsini əhatə edir. Xıdırlı kəndində və ətraf ərazilərdə işğaldan əvvəl içməli su təchizatı sistemləri mövcud olmayıb. Kəndə suyun verilməsi ilə bağlı “Azərsu” ASC mütəxəssisləri tərəfindən tədqiqat və qiymətləndirmə işləri aparılıb və layihə hazırlanıb. Layihəyə əsasən, ərazidəki obyektlərə içməli suyun subartezian quyusundan verilməsi qərara alınıb.

         

Layihənin icrasına ötən ilin sonlarında başlanılıb və artıq subartezian quyusunun, 6,5  km uzunluğunda magistral və paylayıcı su xətlərinin tikintisi yekunlaşıb. Suyun optimal idarə olunması məqsədilə magistral su xətlərinin üzərində siyirtmə, hava və suburaxıcı sistemlər quraşdırılıb. Hazırda subartezian quyusunun işə salınması üçün elektrik təchizatı sistemlərinin qurulması işləri görülür.

Qeyd edək ki, bundan əvvəl Ağdam rayonu ərazisində Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin tikintisi layihəsi çərçivəsində 2 km  içməli su və 1,3 km tullantı su  xətləri çəkilib, su anbarı, nasos stansiyası, infiltriasiya və septik qurğular  inşa edilib.

Eyni zamanda, Ağdam şəhərinin və ətraf kəndlərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə  2 kəşfiyyat quyusu qazılıb və hazırda su mənbəyinin yaradılması istiqamətində tədqiqat işləri davam etdirilir.

Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində 400-dək obyekt içməli su ilə təmin edilib. 

Hazırda Şuşa, Kəlbəcər, Zəngilan şəhərləri və Hadrut qəsəbəsində “Azərsu” ASC-nin xidmət sahələri yaradılıb və fasiləsiz xidmət təşkil olunub.