logo

“Su ehtiyatlarının idarə olunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib


Yaradılıb: 22-02-2022 17:15

     

Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatında “Su ehtiyatlarının idarə olunmasında gənclərin rolu” mövzusunda tədbir keçirlib. YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev Novruzun ilk çərşənbəsi olan su çərşənbəsində bu mövzuda tədbirin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib və hazırda dünyada iqlim dəyişikliklərinin müşahidə olunduğu bir vaxtda sudan qənaətlə istifadənin əhəmiyyət kəsb etdiyini bildirib.

Bakı Dövlət Universitetinin prorektoru, coğrafiya elmləri doktoru, professor Fərda İmanov müxtəlif amillər səbəbindən qlobal miqyasda su ehtiyatlarının getdikcə azaldığını xatırladıb. Qeyd edib ki, əhali artımı, kənd təsərrüfatının inkişafı, əkin sahələrinin genişləndirilməsi nəticəsində suya tələbat artmaqdadır. Üstəlik yağıntıların azalması və su hövzələrinin çirkləndirilməsi su çatışmazlığı təhlükəsini artırır. F.İmanov qeyd edib ki, ölkəmizdə şirin su ehtiyatları məhdud olmaqla yanaşı qeyri bərabər-paylanıb. Azərbaycanın yerüstü su ehtiyatlarının 67 faizi ölkə hüdudlarından kənarda formalaşır və respublika ərazisinə çirklənmiş halda daxil olur. Dünyanın su ehtiyatları ilə bağlı beynəlxalq təşkilatların proqnozları da ürəkaçan deyil. Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün şirin su ehtiyatları qorunmalı, sudan qənaətlə, səmərəli istifadə olunmalı, su itkilərinə yol verilməməlidir.

         

Bakı Dövlət Universitetinin Geologiya fakultəsinin müəllimi Günay Hüseynova bildirib ki, respublikanın istifadəyə yararlı yeraltı sularının illik istismar ehtiyatları 9 milyard kubmetrdir. Hazırda bir sıra yaşayış məntəqələrinin su təchizatı yeraltı sular hesabına təmin olunsa da  istismar olunan  ehtiyatların  80 faizi suvarma və texniki məqsədlər üçün istifadə edilir. 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin aparıcı mühəndisi, Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatının sədri Günay Məmmədli bildirib ki, tədbirin keçirilməsində məqsəd gənclərin respublikanın su ehtiyatları, onlardan səmərəli istifadə, su təsərrüfatının idarə olunması sahəsində biliklərinin artırılmasıdır. G.Məmmədli əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü  ilə ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib.

“Azərsu” ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun əməkdaşı Pərvanə Xıdırova “Azərsu” ASC tərəfindən sudan səmərəli istifadə ilə bağlı  aparılan maarifləndirmə və təbliğat işləri barədə məlumat verib. Azərbaycanda su daha çox suvarma məqsədi ilə istifadə olunduğundan kənd təsərrüfatında mütərəqqi texnologiyalar tətbiq olunmalı, suya qənaət etməyə imkan verən stimullaşdırıcı mexanizmlər hazırlanmalı və təbliğ olunmalıdır. Sənaye sektorunda da sudan təkrar istifadə texnologiyalarına üstünlük verilməlidir.

Su ehtiyatları, sudan səmərəli və qənaətli istifadə, bu sahədə gənclərin fəaliyyətinə həsr olunmuş videoçarxlar nümayiş etdirildikdən sonra tədbir bədii hissə ilə davam etdirilib.